Moskva heç vaxt Yanukoviçə bel bağlamaz


Keçmiş prezidentin yenidən hakimiyyətə gətirilməsi xəbəri feykdir

"Müharibədə hərbi qələbə Rusiyanın olsa belə, siyasi zəfər Ukraynanın olacaq"

   Rəsmi Kremlin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi Kiyevdə hakimiyyətə gətirmək istədiyi barədə məlumat yayılıb. Bu barədə KİV-ə Ukrayna kəşfiyyatındakı mənbələrdən bildirilib. Qeyd edilib ki, Ukraynada dövlətə xəyanətdə təqsirli bilinən eks-prezident indi Minskdədir. O, xüsusi əməliyyata hazırlanır. Xəbərdə vurğulanıb ki, senarilərdən birinə görə, Yanukoviçi Minskdə “Ukrayna prezidenti” elan etməyə çalışacaqlar: “Yaxın vaxtlarda eks-prezident Yanukoviçin Ukraynaya qayıtması və ya onun adından Ukrayna xalqına müraciətin dərci, yaxud aksiyanın hazırlana biləcəyi gözlənilir”. 
Xatırladaq ki, Yanukoviç 2010-cu ildə prezident seçilib. 2014-cü ildə baş vermiş genişmiqyaslı etiraz aksiyalarından sonra ölkədən qaçaraq Rusiyaya sığınıb. Daha sonra parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib. Digər bir iddia isə Ukraynanı parçalamaq, dənizə çıxışını bağlayaraq iki hissəyə bölmək və paytaxtı Lvov olmaqla ikinci bir “dövlət” qurmaqla bağlıdır. Bunun Moskvanın layihəsi olduğu söylənilir. 

Ukrayna ilə bağlı gündəmə gətirilən senariləri “Şərq”ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev hesab edir ki, Yanukoviçin yenidən hakimiyyətə gətirilməsi xəbəri feykdir. Professorun sözlərinə görə, Moskva heç vaxt Yanukoviçə bel bağlamaz: 

“Sabiq rəhbər prezident seçilənədək 4 dəfə həbs həyatı yaşayıb. Yanukoviçi ona görə prezident seçmişdilər ki, o, “oğru dünyası”ndan ölkənin mənafeləri naminə istifadə edəcəyinə söz vermişdi. Sonradan məlum oldu ki, bunların hamısı boş söhbətlərdir. Onun yenidən hakimiyyətə gətirilməsi iddiaları məhz Kiyev hökuməti tərəfindən məqsədli şəkildə ortaya atılır. Bununla xalqı öz ətraflarında daha sıx cəm etməyə çalışırlar. Bunun o qədər uğurlu gediş olacağına inanmıram. Ancaq Ukraynanı bölmək siyasəti inandırıcı və realdır. Lvovun ikinci “dövlət”in paytaxtı olması da ağlabatandır. Rusiya ikinci “Ukrayna dövlətini” yaratmaq və öz ərazisi kimi idarə etmək fikrindədir. Lvov kimi bir neçə ərazi, sonradan, 1940-cı ildə Ukrayna ərazisinə qatılıb. Bu bölgədə polyaklar, rumunlar və macarlar yaşayırlar. Əsas problem isə odur ki, Zelenski hakimiyyətinin devrilməsi ehtimalı böyükdür”. 
C.Nuriyevə görə, Rusiya müharibədə “sürünən” hərbi taktikaya üstünlük verir: “Rus qoşunları əvvəlcə hərbi obyektləri aradan götürürlər. Kremlin məqsədi Ukraynanın Azov dənizinə çıxışını bağlamaq idi və buna nail oldular. Azov artıq Rusiyanın “daxili dənizinə” çevrilib. Krımla torpaq ərazisi istəyirdilər, Moriopolun işğalından sonra bu da reallaşacaq. Ruslar Odessanı da ələ keçirməyi planlaşdırır. Odessa çoxmillətli şəhər olduğuna görə ruslar orada ciddi müqavimətə rast gəlməyəcəklərinə əmindir. Həmçinin, Dnepr çayına qədər Ukraynanın məhsuldar torpaqlarını da zəbt etməyi düşünürlər. Rusiya katoliklər olan qərb bölgəsini deyil, daha çox provaslav olan əraziləri işğal etmək niyyətindədir. Moskvanın iştahı böyükdür və onun dişini sındırmağa nə ABŞ-ın, nə də Avropanın gücü çatır. Ancaq müəyyən vaxtdan sonra prosesin yekunlaşması labüddür. Müharibədə hərbi qələbə Rusiyanın olsa belə, siyasi zəfər Ukraynanın olacaq”.