Rusiya alternativ mediaya hücum edir

Azər Həsrət: "Hökumət ümumiyyətlə müharibə ilə bağlı bütün yayımların qarşısını alır"

Ukraynanın işğal planını genişləndirən Rusiya ölkədə alternativ informasiya mənbələrini sıradan çıxarır, yayımına qadağa qoyur.
Bu günlərdə daha bir neçə media qurumunun fəaliyyəti dayandırılması barədə qərar verilib.
Bu barədə Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (“Roskomnadzor") məlumat yayıb.
Bildirilib ki, "Meduza”, “Azadlıq Radiosu”, “Amerikanın Səsi” və BBC-nin Rusiya xidmətinə giriş məhdudlaşdırılıb.
Bununla yanaşı Rusiyada müharibə ilə bağlı yayılan və yalan hesab edilən xəbərlərə qarşı sərt cəzaların müəyyən edildiyi qanun layihəsi qəbul olunub. 

Dövlət Duması üçüncü oxunuşda Rusiya Ordusunu nüfuzdan salmağa yönələn feyk xəbərlərə və Rusiyaya qarşı sanksiyalara çağırışlara görə həbs cəzası və böyük cərimələr nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi Dumanın bu gün keçirilən plenar iclasında qəbul olunub.

Qanuna əsasən, Rusiya Federasiyanın Cinayət və Cinayət Prosessual məcəllələrinə dəyişikliklər edilir.
Sənəddə qeyd edilir ki, əgər feyklər ağır nəticələrə səbəb olarsa, azadlıqdan məhrumetmə müddəti 15 ilə qədər ola bilər.

Rusiya  hökumətinin mediaya qarşı sərt tədbirlər görməsi və informasiya azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırması barədə “Şərq”ə danışan tanınmış jurnalist Azər Həsrətin sözlərinə görə, Rusiya öz ordusunun Ukraynada düşdüyü rüsvayedici vəziyyəti xalqından gizlətməyə cəhd edir.
“Rusiya-Ukrayna münasibətləri fonunda baş verənlər bütün dünyanın, eləcə də Azərbaycanın diqqət mərkəzindədir. Müharibə aparan ölkənin mediaya müəyyən məhdudiyyətlər tətbiq etməsi başadüşüləndir. Bəzən media çaşdırıcı informasiyaları, hərbi sirləri də yaya bilir. Buna görə də bütün ölkələr müharibə apararkən müəyyən məhdudiyyətlər tətbiq edirlər. Lakin Rusiyada media ilə bağlı baş verənlər bu qəbildən deyil. Çünki hökumət ümumiyyətlə müharibə ilə bağlı bütün yayımların qarşısını alır. Yəni heç kim dövlətin məqbul saymadığı informasiyanı yaymamalıdır. Alternativ informasiyaya dözümsüzlük nümayiş etdirilir. Ona görə də xarici və milli media qurumlarının fəaliyyəti rəsmən yasaqlanıb. Hətta bir sıra tanınmış media qurumları fəaliyyətlərini dayandırmalı olublar. 

Onlar bu məhdudiyyətlərə dirənə bilmədiklərinə görə işlərini dayandırdıqlarını elan ediblər. Çünki alternativ informasiya vermək istəyirlər. Rusiya dövləti isə bunu cinayət hesab edir və cəza ilə hədələyir. 

Bütün bunlar onu göstərir ki, Rusiya dövlətinin məqsədi sadəcə müharibə ilə bağlı informasiya siyasətini tənzimləmək deyil. Rusiya bu addımı atmaqla bütün dünyanın bildiyini öz əhalisindən gizlətməyə çalışır. 

Ona görə ki Rusiya Ukraynada həqiqətən çox biabırçı durumla üzləşib. Çoxlu sayda itkiləri var. Biz bunları digər kanallardan görürük. Bu həqiqətləri Rusiya xalqının bilməməsi üçün mediaya total hücum tətbiq edilir”.  

Sənan İsmayıl