Sanksiyalar Kremli çökdürüb

Rusiya Ukraynadan qoşunlarını çıxarmasa belə məğlub olacaq

Rusiyanın 3-cü dünya müharibəsinə səbəb olması da reallıqdan uzaqdır. Çünki rusların hərbi potensialı qlobal savaş çıxartmağa uyğun deyil

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyev NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalının artdığını bildirib. O bildirib ki, Ukraynanı silahla təmin etmək bu ehtimalı artırır. Bu da nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli senaridir: “NATO ölkələrinin Ukraynanı silahla doldurması, onun qoşunlarının Qərb texnikasından istifadəyə öyrədilməsi, muzdluların göndərilməsi və alyans ölkələrinin bizim sərhədlərimizə yaxın təlimlər keçirməsi hərbi alyansla birbaşa və açıq münaqişə ehtimalını artırır”. 

Medvedyev vurğulayıb ki, xarici analitiklərin NATO-nun Rusiya ilə müharibəsilə bağlı bitib-tükənməyən söhbətləri səngimək bilmir. Xatırladaq ki, ötən gün Rusiya rəhbəri Vladimir Putinin də sərt açıqlamaları gündəmə gətirilmiş, Kreml rəhbərinin genişmiqyaslı və uzunmüddətli müharibəyə hazırlaşdığı deyilmişdi. Ümumiyyətlə, 9 may paradından sonra Moskvanın müəyyən addımlar atacağı iddia olunurdu. Ancaq hələlik heç bir hərəkətlilik müşahidə olunmur. 

Politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, Qərb heç vaxt Rusiyanın Ukraynaya hücum edəcəyini ağlına gətirmirdi. Ekspertə görə, ABŞ və Avropa ölkələri bu senarini imkansız sayırdılar:

 “Qərb müharibə ehtimalını zaman-zaman müzakirə etsə də, Putinin belə ağılsızlıq edəcəyini gözləmirdi. Moskvanın hərbi paradda səfərbərlik və ya Ukraynaya rəsmi müharibə elan edəcəyi iddia edilsə də, bu, baş vermədi. Əslində, bunun obyektiv səbəbləri var idi. Rusiya belə addımla indiyə kimi deyilən “hər şey plan üzrə gedir” yalanını isbat etmiş, vəziyyətin pis olduğu gerçəyini sübut etmiş olardı. Görünən odur ki, Moskva hələ ki, bunlarsız müharibəni davam etməyə qərarlıdır. Rusiyanın Ukraynanı işğalı nəticəsində Qərb öz istəyinə nail oldu. Rusiya Qərbin əlindədir. Qərb isə Ukraynanı hərbi poliqona çevirmək üçün nə lazımdırsa edəcək. Məqsəd Rusiyanı Ukrayna bataqlığına daha çox batırmaqdır”. 

Analitikin fikrincə, Rusiya Ukraynadan qoşunlarını çıxarmasa belə məğlub olacaq: 

“Sanksiyalar Putin rejiminin belini bükəcək. Rusiya üçün həqiqətən də ağır və çətin günlər başlayır. Rusiyanın belə bir ordu ilə ciddi irəliləyiş etmək şansı çox azdır. Böyük itkilər hesabına nəyəsə nail olmaq məğlubiyyət hesab olunur. Rusiyanın son anda nüvə silahına əl atacağı ehtimalı mümkün variantdır. 

Amma bu, elə də sadə məsələ deyil. Rusiyanın 3-cü dünya müharibəsinə səbəb olması da reallıqdan uzaqdır. Çünki rusların hərbi potensialı qlobal savaş çıxartmağa uyğun deyil. 

Müharibənin genişlənməsi Putin Rusiyasının sonunu daha tez gətirər. İnanmıram ki, Putin Ukraynaya hücum etməkdən daha ağılsız bir addıma əl atar. O, hər şeydən öncə canını çox istəyən adamdır. Koronavirus pandemiyası ilə əlaqədar aldığı qeyri-adi tədbirlər bunu isbatlayır. 

Bu baxımdan,Putinin son anda məğlub olub geri çəkiləcəyi reallığı ən mümkün sonluqdur. Rus xalqının bunu necə qəbul edəcəyi isə çox maraqlı olacaq”.