Zelenski cəsarətlənib! - "Ukrayna savaşı uzun müddət davam edəcək"

Zelenski cəsarətlənib
Ukrayna savaşı uzun müddət davam edəcək
"Qərb ciddi şəkildə Ukraynaya hərbi, maliyyə və siyasi dəstək verərsə, Moskva danışıqlara vadar ola bilər"
  Ukrayna və Rusiya arasında müharibənin üçüncü mərhələsi düşmən tərəfindən işğal edilmiş Xerson uğrunda döyüşlə bağlı olacaq. Ukrayna tərəfinin Xersonu öz nəzarətinə qaytarmaq üçün hər cür şansı var. Bu barədə ukraynalı jurnalist Arkadi Babçenko deyib. Jurnalistin sözlərinə görə, Ukrayna və Rusiya arasında müharibənin yeni mərhələsi qışa yaxın başlaya bilər. Onun sözlərinə görə, Rusiyanın genişmiqyaslı təcavüzünün birinci mərhələsi Kiyevin tutulması idi. Lakin düşmən uğursuz oldu: “İkinci mərhələ də başa çatdı. Mən bu mərhələni bütün Donbassın və cənubun eyni sürətlə işğalı, üstəlik, Odessaya eniş və Donetskin cənubdan Krımdan keçərək Dnestryanıya birləşdirilməsi cəhdi adlandırardım. Bu da Ukraynanın qələbəsi ilə bitdi”. Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba da deyib ki, Krımda 2014-cü ildə başlayan müharibə bu yarımadanın azad edilməsi ilə Krımda bitəcək. Nazir qeyd edib ki, Putin bütün Avropaya müharibə elan edib. Sadəcə fərq ondadır ki, Rusiya Ukraynanı raketlərlə, tanklarla vurur, Avropanı isə artan qiymətlər və enerji “silahı” ilə hədələyir: “Biz bu mübarizədə eyni yoldayıq, Avropanı müdafiə edirik. Bu gün Kiyevi, mülki əhalinin həyatını xilas etməyin yeganə yolu Ukraynanı silahlandırmaqdır”. Kuleba vurğulayıb ki, əgər Ukrayna Rusiyanın artilleriya qüvvələrinə zərbələr endirsə, müharibənin gedişi dəyişər”.
  Aylardır davam edən savaşın nəticələrini “Sherg.az"a dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Rusiya-Ukrayna arasında müharibə hələ uzun müddət davam edəcək. Analitikin fikrincə, Kiyev Krımda təşəbbüsü getdikcə daha çox ələ alır: “Rus əhalisi Krımı tərk edir. Ukraynanın artan cəsarəti və Rusiyanın hücumlarının sürətlə azalması fonunda Prezident Vladimir Putin danışıqlar masasına qayıtmaq istəyini nümayiş etdirir. Unutmaq olmaz ki, Ukrayna böyük əsgər ehtiyatına malikdir. Ukrayna ordusu ciddi əks-hücum əməliyyatına başlamaq üçün lazım olan silahlara malikdir. Lakin Kiyevə yeni silahlar lazımdır. Qərb o silahları verəcəkmi? Bu məsələ qaranlıq qalır. Digər tərəfdən, Rusiyada Putini dəstəkləyənlər çoxdur. Deməli, Kreml də geri çəkilməyəcək. Odur ki, Rusiya-Ukrayna müharibəsinin tezliklə dayanacağını gözləmək qeyri-mümkündür. Qərb ciddi şəkildə Ukraynaya hərbi, maliyyə və siyasi dəstək verərsə, Moskva danışıqlara vadar ola bilər. Hələki bu, görünmür. Deməli, Ukrayna və Rusiyanın hər mənada böyük itkilərlə üzləşəcəyinin şahidi olacağıq”.