Böyük Britaniya yeni səfirinə tapşırıqlar verib

London qlobal nizamın bir parçası olan Cənubi Qafqazı Rusiya və İransız təsəvvür edir

  Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqus Old yaxın günlərdə diplomatik fəaliyyətinə başlayacaq. Old Obe səlahiyyət müddəti bitən Ceyms Şarpı əvəz edəcək. Məlumat üçün bildirək ki, Ferqus daha əvvəl Britaniya XİN-də Cənubi Asiya Departamentinin rəhbəri və Hindistan üzrə koordinator postunda çalışıb. O, Moskvada müşavir də işləyib. Ekspertlərə görə, Britaniyanın Azərbaycana yeni səfir təyinatını regional proseslərdə Londonun maraqlarının artması kontekstində dəyərləndirmək lazımdır. 

  Siyasi şərhçi Aqşin Kərimov deyib ki, London Oulda Azərbaycanla münasibətlərin inkişafı üçün yeni formullar üzərində düşünmək tapşırığını verib. Analitikin sözlərinə görə, Britaniya qlobal nizamın bir parçası olan Cənubi Qafqazı Rusiya və İransız təsəvvür edir. Londona görə, bu iki ölkə təhlükəsizlik mühitinin pisləşməsinə səbəb olur:

 “Britaniya Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqların izi ilə gedərək Moskva və Tehranın regiondakı çəkisini sıfıra yaxınlaşdırmaq niyyətindədir. Rəqibləri də adekvat tədbirlər görürlər. Regiondakı hab (nəqliyyat şəbəkəsi) burada rəqabətin sistemli dinamikasını mürəkkəbləşdirir. 

Britaniyanın addımları Rusiyanın bölgədəki tarixi və hərbi-siyasi maraqları, İranın panşiəlik xətti ilə toqquşur. Azərbaycan isə Rusiya ilə münasibətləri zədələməmək prinsipini qoruyub-saxlayır. Çünki regional səhnədə Moskvanın Bakıya dəstəyi daha effektiv nəticələr hasil edilməsi üçün əsas meyarlardan biridir. Bakının incə sərhədlər arasında balansı saxlaması onu qlobal rəqabətin tərəfinə çevirmir. Britaniya bunu anlamaqda çətinlik çəkmir. Ona görə ki, Azərbaycan Londonun tərəzisində bəlli bir çəkiyə yiyələnib. Britaniya həmin kütləni itirməməkdən ötrü Rusiya ilə bağlı siyasətində Azərbaycana təzyiq etmək niyyətindən uzaqdır. Britaniya ilə Rusiya Azərbaycana münasibətdə iqtisadi rəqabəti stimullaşdıran tezislərlə bir-birini neytrallaşdırmağı hədəfləyə bilərlər. Lakin Britaniya Azərbaycanın Avro-Atlantik strukturlara inteqrasiyasını sürətləndirən ideyaları təkmilləşdirəcək. Bununla bağlı digər gizli müttəfiqi Türkiyə ilə də məsləhətləşmələr aparacaq”. 

  A.Kərimov vurğulayıb ki, səfir Ouldun qarşısında duran çağırışlardan biri də bu olacaq ki, Azərbaycanın əldə etdiyi faktiki və potensial qazancları Londonun maraqlarına inteqrasiya edə bilsin: 

“İran mövzusu isə ayrıca bir xətt təşkil edir. Tehrandan Azərbaycana əsdirilən küləklərin boşluqda itməsinin bir səbəbi də Londonun Bakı ilə əlaqələrini dərinləşdirməsi səbəblərinə bağlıdır. Yəni “Britaniya İmperiyası Ordeni” ilə təltif edilmiş səfir Ferqus Ould ölkəsinin Azərbaycanla münasibətlər sistemini şişirdib böyütmək missiyasını həyata keçirəcək. Britaniya səfirliyi onun Londondan aldığı təlimatlar əsasında regional təhlükəsizliyin ətraflı analizini hazırlayacaq. Bu, Britaniya-Azərbaycan əlaqələri üçün pozitiv impulsları yeni mərhələyə keçirəcək. Bakının təhlükəsizlik yastığında Londonun rolunu çoxaldacaq”.