Üçtərəfli format nəzərdə tutulmur

Sərhədlərin delimitasiya və demarkasiyası iki tərəf – Azərbaycan və Ermənistan arasında müzakirə olunur

  Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın üçüncü görüşünün keçiriləcəyi yer bilinib. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Belçika paytaxtı Brüsseldə görüşəcək. Baş nazir müavinlərinin növbəti görüşü Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra 1 ay ərzində baş tutacaq. 

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü dünən Moskvada keçirilib. Ciddi məsələlərdə olmasa da, ümumi məqamlarla bağlı razılaşmaların olduğu bildirilib. 

  Politoloq İlqar Vəlizadə “Şərq”ə bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyalar ikitərəfli görüşlər keçirirlər. Analitikin sözlərinə görə, belə təmaslarda üçtərəfli format nəzərdə tutulmur:

“Kommunikasiyaların açılması, Zəngəzur dəhlizi, sülh sazişi və s. məqamlarla bağlı görüşlərə nəzər salsaq görərik ki, bunlar üçtərəfli formatlarda müzakirə predmetidir. Belə görüşlərdə Rusiyanın baş nazirinin müavini iştirak edir. Bu da üçtərəfli işçi qruplarının mütəmadi görüşlərində müzakirə olunan məsələlərdir. Sərhədlərin müəyyən olunması ilə bağlı görüşlərdə üçtərəfli formatdan söhbət getmir. 

Çünki sərhədlərin delimitasiya və demarkasiyası iki tərəf – Azərbaycan və Ermənistan arasında müzakirə olunur. Sadəcə olaraq fərqli və “neytral” məkanlarda görüşərək göstərirlər ki, hər bir vasitəçilik onlar üçün məqbuldur. Əsas odur ki, problemlər həllini tapsın və müsbət nəticə olsun, kimin vasitəçiliyinin önəmi yoxdur. Nəticə o vaxt əldə olunar ki, tərəflər eyni prinsiplər üzərində davamlı görüşlər və müzakirə təşkil etsinlər”. 

  İ.Vəlizadə vurğulayıb ki, artıq prinsiplər müəyyən olunub: 

“Yəni Moskva görüşündə Rusiya, yaxud Brüssel görüşündə Qərb ölkələri mövcud prinsiplərə, aparılan danışıqlar mövzusuna müdaxilə etmirlər. Ümumiyyətlə, Ermənistanla sərhəd prosesi uzunmüddətli ola bilər. Qonşu Gürcüstanla problemimiz olmadığı halda, sərhəd xəttinin müəyyənləşməsi onillərdir davam etməkdədir”.