Zaxarova yenə "möhürünü" vurub

Kreml Brüsselin vasitəçiliyinə qısqanır

"Liderlərin Brüsseldə ilk görüşündən sonra Mariya Zaxarova patronu Sergey Lavrovun tezisləri əsasında mətn hazırlayıb. Həmin mətni heç bir dəyişiklik etmədən hər dəfə təkrarlayır"

  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Avropa İttifaqının Cənubi Qafqazda fəallığı geosiyasi ambisiyalarla müəyyənləşir. Onun fikrincə, Aİ-nin real istəyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına heç bir aidiyyəti yoxdur:

 “Deyərdim ki, bu, avropalıların “psevdo təşəbbüsü”dür. Bu, daha çox utanmadan vasitəçiliyi özününküləşdirməyə bənzəyir, bunun altında heç nə yoxdur. Biz vasitəçi kimi işləyirik və bu iş konkret nəticələr verir, müvafiq olaraq tərəflər də bunu qiymətləndirir. Kimsə vasitəçi olmadan özünü vasitəçi kimi qələmə verirsə, görünür, onlar heç nə təklif etmək iqtidarında deyillər. Lakin burada da özlərinin iştirakını göstərmək istəyirlər. Ümumiyyətlə, belə bir təəssürat var ki, Brüssel diplomatiya vərdişlərini itirib”.

  Zaxarovanın açıqlamasını dəyərləndirən politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə qısqanc yanaşır. Moskva hesab edir ki, Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq istəyir:

 “Zaxarova yenə “möhürünü” vurub. Xatırladaq ki, Prezident İlham Əliyevin Nikol Paşinyanla Brüsseldə bundan əvvəlki görüşü mayın 22-də baş tutmuşdu. Mariya Zaxarova həmin tarixdə eyni sözləri təkrarlamışdı. Budəfəki cümlələrdə heç bir fərq yoxdur. Göründüyü kimi, Mariya Zaxarova hər dəfə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən əvvəl və ya sonra eyni açıqlamanı səsləndirir. Bütün açıqlamalarda eyni sözlər yer alır: “psevdo təşəbbüslər”, “Rusiyanı qabaqlamaq istəyirlər”, “Avropa İttifaqının ambisiyaları”, “Brüsselin məqsədi fərqlidir”. Bu o deməkdir ki, liderlərin Brüsseldə ilk görüşündən sonra Mariya Zaxarova patronu Sergey Lavrovun tezisləri əsasında mətn hazırlayıb. Həmin mətni heç bir dəyişiklik etmədən hər dəfə təkrarlayır. Bu mətn Brüsseli hədəf alsa da, Azərbaycan və Ermənistana da mesaj xarakteri daşıyır. Deyirlər ki, “əsas vasitəçi Moskvadır, Brüsselə inanmayın, bizimlə ortaq hərəkət edin”.