Avropa İttifaqı regiona dayanıqlı sülh gətirəcək

Brüssel görüşündə Ermənistan tərəfinin müqavimət cəhdləri nəticəsiz qaldı

İrəvanın öhdəliyi yerinə yetirməsi müzakirə olunub və razı salınıb


  Avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü keçirildi. Bu, tərəflər arasında növbəti üçtərəfli görüş idi. Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə etdi. Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması razılaşdırıldı. 

  Danışıqların çoxillik təcrübəsi erməni tərəfinin gündəlikdə dayanan məsələlərin həllinə əngəl yaratmaq və ya ən azından prosesi yubatmaq üçün var gücü ilə çalışdığını artıq dəfələrlə sübuta yetirib. Nikol Paşinyanın rəhbərliyindəki Ermənistanın da Brüssel səfəri öncəsində eyni əhval-ruhiyyədə olması bu baxımdan şübhə doğurmurdu. Ancaq Brüssel görüşü növbəti dəfə erməni tərəfinin müqavimət cəhdlərini və real nəticələrin əldə olunmasına əngəl yaratmaq istəyini nəticəsiz qoydu. Azərbaycan dövlətinin bütün dünyada formalaşdırdığı müsbət imic, dövlət başçısının şəxsi nüfuzu və Azərbaycanın Avropa ilə qurduğu hərtərəfli və qarşılıqlı marağa əsaslanan münasibətlər bu prosesdə açar məqam rolunu oynadı. Əvvəlki müzakirələr nəticəsində də ciddi nəticələr əldə olunmuşdu. Yekun sülh müqaviləsi istiqamətində görülən işlər Azərbaycanın diplomatik uğurunun növbəti təzahürü olmaqla yanaşı, Aİ-nin və şəxsən Şarl Mişelin vasitəçiliyinin nəticəsidir.

 Görüşdən sonra Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında Aİ-nin vasitəçilik səylərini yüksək qiymətləndirən paylaşım etdi: “Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”. Qeyd etdiyimiz kimi, bu qiymət təsadüfi deyil. Çünki artıq olmayan Minsk qrupunun otuz il ərzində əldə edə bilmədiyi nəticələrə Avropa İttifaqı qısa müddətdə nail olmağı bacardı. Şübhəsiz, bu həm də Aİ-nin Azərbaycana verdiyi dəyər və ölkəmizin geosiyasi rolu ilə bağlıdır. Tərəflər arasında müzakirə edilən sülh müqaviləsi Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur. Onu da vurğulamaq lazımdır ki, Belçika görüşündəki yeni sənəddə Qarabağ mövzusu, ATƏT-in Minsk qrupu barədə heç nə yoxdur. Yəni Aİ üçün də artıq sözügedən qrup ləğv edilmiş format olaraq qəbul edilir və onun bərpa edilməsi ilə bağlı cəhdlərə məhəl belə qoyulmur. Görünən odur ki, Avropa İttifaqı yekun sülh müqaviləsinin imzalanmasında, beləliklə, regionda sabitliyin təmin olunmasında maraqlıdır. 

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell "Twitter"də görüşə münasibət bildirib. O deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün işləməyə davam etmək vacibdir: "Aİ Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən dördüncü görüşü alqışlayıram. Sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün işləməyə davam etmək, humanitar və əlaqələnmə sahələrində səyləri davam etdirmək vacibdir. Aİ sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə davam edir". 

  Millət vəkili Nəsib Məhəməliyev deyib ki, bu görüşü Prezident İlham Əliyevin uğuru, Azərbaycan diplomatiyasının aktivinə yazmaq olar. Deputatın sözlərinə görə, ümumiyyətlə, Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində təşkil olunmuş digər formatlardan daha effektiv olmaqla, ölkəmizin maraqlarına tam cavab verir: 

"Çətinliklə də olsa, hər görüşdən sonra müəyyən irəliləyişlər əldə olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin görüşdən sonra sosial şəbəkədə yazdığı qeydlər Şarl Mişelin fəaliyyətinə verilmiş qiymət olmaqla yanaşı, Avropa İttifaqının bölgədə dayanıqlı sülhün əldə olunmasında maraqlı olduğunu göstərir. Eyni zamanda, bu yaxınlarda ABŞ və Fransanın bədnam Minsk qrupunu reanimasiya etmək cəhdlərinə ən gözəl cavabdır. Dövlət katibi tərəfindən Qafqaz məsələləri üzrə xüsusi nümayəndənin təyin olunması və Fransa ilə birgə fəaliyyətlərin uzlaşdırılması Ermənistanda yeni bir coşqunluq yaratmışdı. Ermənilər, həmin dövlətlərə ümidlə, yenidən Azərbaycan əleyhinə mitinqlər təşkil etməyə başlamışdılar. Diqqətçəkən əsas məqamlardan biri xarici işlər nazirlərinin bir ay ərzində sülh sazişinin layihəsinin mətni üzərində iş aparılması üçün işçi qruplarının yaradılmasıdır. Sərhədlərin delimitasiya, demarkasiya proseslərinə başlanılmasıdır". 
  Parlament üzvünün sözlərinə görə, digər məqam ilk dəfə erməni və Azərbaycan xalqlarının sülhə, barışığa hazırlanması barədə çağırışların səslənməsidir: "Etiraf etmək lazımdır ki, bu olduqca ağır, psixoloji baxımdan mürəkkəb prosesdir. Ancaq düşünürəm ki, nə qədər çətin olsa da, xalqlarımız bu baryeri aşmalı, düşmənçiliyi gələcək nəsillərə saxlamamalıdır. Son 30 ildə baş verənlərdən sonra dostluq münasibətlərinin yaranması qeyri-mümkündür. Lakin əməkdaşlığa, birgə yaşayışa məhkumuq. Azərbaycan dördüncü Brüssel görüşünə həm hərbi, həm də siyasi baxımdan üstün tərəf kimi yollanmışdı və öz mövqeyini qorudu. Danışıqlar, daha əvvəl Azərbaycan Prezidentinin irəli sürdüyü  beş prinsip üzərində, beynəlxalq hüququn normalarına uyğun  keçirildi. Bütün bunlar o deməkdir ki, ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyəti getdikcə artmaqdadır və etibarlı, önəmli tərəfdaşdır". 

  Siyasi şərhçi Asif Nərimanlı da vurğulayıb ki, bundan öncə Brüsseldə eyni anlaşma əldə olunmuşdu, lakin İrəvan heç bir praktiki addım atmadı. İndi məsələ yenidən gündəmdədir:

 "Görünür, İrəvanın öhdəliyini yerinə yetirməsi müzakirə olunub və razı salınıb. Lakin Ermənistanın razılaşma ilə bağlı praktiki mərhələdə addım atacağı yenə şübhəlidir. Hərçənd, yekun bəyanat deməyə əsas verir ki, Qərb masasındakı müzakirələrdə də Bakının gündəliyindən kənara çıxılmır. Postmünaqişə reallığı Avropa İttifaqı tərəfindən qəbul olunur. Bu, Qərbdə Minsk qrupunu diriltmək cəhdlərinə qarşı müsbət alternativdir. Anlaşma Azərbaycanın öhdəliklərini yerinə yetirməyən Ermənistana qarşı istənilən addımını legitimləşdirir. Tərəflər noyabrın sonuna qədər eyni formatda görüşməyə də razılaşıb. Ermənistan Moskva masasında nəsə əldə etməyə çalışacaq. Lakin burada da gündəliyin təxmini eyni olması İrəvanın “çıxış yolu” axtarışını nəticəsiz edir".