Türkiyə müasir müharibə konsepsiyasını dəyişir

"Qızıl alma" gələcəkdə xeyli bahalı olan F-16 və ya F-35-in bir çox xüsusiyyətlərini mənimsəyə bilər

  Türkiyənin "Baykar Texnoloji" şirkəti ilk dəfə olaraq "Qızıl alma" adlı zərbə pilotsuz təyyarəsini nümayiş etdirib. Pilotsuz reaktiv qırıcı olan bu modeli yaratmaq üçün konstruktorlara 12 il vaxt lazım olub. "Baykar" şirkətinin rəhbəri Selçuk Bayraktar mart ayında prototipin istehsalına başlanıldığını açıqlayıb. Ötən gün isə "Bayraktar Qızıl alma" ictimaiyyətə təqdim edilib. Pilotsuz təyyarə turboreaktiv mühərrik, inkişaf etmiş süni intellekt sistemi ilə təchiz olunub. Mütəxəssislərin dediyinə görə, yeni PUA “aqressiv manevr” qabiliyyətinə malikdir və çətin nəzərə çarpır. 

Uçuş üçün ona minimum uzunluqda zolaq lazımdır ki, bu da ona məsələn, gəminin göyərtəsindən istifadə etməyə imkan verəcək. "Bayraktar Qızıl alma"nın maksimum uçuş çəkisi təxminən 6000 kq-dır. Bunun 1500 kq-dan çoxu faydalı yükün payına düşür, sursat-yükqaldırma qabiliyyəti isə 1000 kq-dır. Türkiyə şirkəti 2023-cü ildə reaktiv “alma”ların kütləvi istehsalına başlamaq niyyətindədir.

  "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gunduz vurğulayıb ki, reaktiv "Qızıl alma" hətta  müasir müharibə konsepsiyasına da yenidən baxmağı tələb edəcək. Ekspert "Qızıl alma" F-16 və ya F-35-lərlə rəqabətə girə biləcəkmi" sualını belə cavablandırıb:

 "Qızıl alma" gələcəkdə xeyli bahalı olan F-16 və ya F-35-in bir çox xüsusiyyətlərini mənimsəyə bilər. Hətta "Akıncı"nın faydalı yükgötürmə qabiliyyəti F-16 səviyyəsindədir. Bir çox inkişaf etmiş ölkələrin yuxusuna haram qatan bu reaktiv qırıcının gələn il istehsalı gözlənilir. Bu silah qırıcılar üçün tam yeni nəsil hesab olunur. 

"Qızıl alma"nın Ukraynada qurulacaq Baykar zavodunda istehsalı da planlaşdırılır. Mühərriki və elektronikasının müəyyən hissələri, proqram təminatları Ukraynada istehsal olunacaq. Məlum olduğu kimi 2021-ci ildə Türkiyə və Ukrayna arasında imzalanan memoranduma və cari ilin fevralında imzalanan müqaviləyə  əsasən, artıq ötən ay "Baykar"ın Ukraynada zavodunun inşasına başlanıb. 

Ötən ay "Baykar"ın rəhbəri Haluk Bayraktar da Ukraynada olub və açıqlamalar verib. Bu zavodda gələn ildən etibarən "Bayraktar-TB2", "Bayraktar Akıncı" və "Bayraktar "Qızıl alma" istehsalı nəzərdə tutulub. Maraqlıdır ki, bir müddət öncə Ukraynadan qayıdan Haluk Bayraktar heç bir Bayraktar məhsulunun Rusiyaya satılmayacağını da açıqlamışdı".