Ermənistan artıq sülh gündəliyini qəbul edib



Paşinyan etiraf edir ki, xalqın iradəsi ondan ibarətdir ki, regionda tezliklə hərtərəfli sülh bərqərar olsun

"Ermənistan tərəfi daha çox itirməmək üçün Azərbaycanın təklif etdiyi və hələlik Ermənistanı da qane edən 5 təklifin həyata keçirilməsi üçün çalışmalıdır"

  Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Brüsseldə keçirilən üçtərəfli görüşü şərh edib. Baş nazir deyib ki, Ermənistan hökuməti sülh gündəmini qəbul edib və bu gündəmi həyata keçirmək üçün tərəflərdə qətiyyət lazımdır. O xatırladıb ki, görüşdə geniş və çətin müzakirələr aparılıb: "Başa düşməliyik ki, bu, asan deyil, mümkün həll yolları zahirdə görünmür. Ardıcıl işi davam etdirməliyik. Çünki bizim həm qərarımız, həm də xalqın iradəsi ondan ibarətdir ki, regionda tezliklə hərtərəfli sülh bərqərar olsun. Görüşlə bağlı başqa təfərrüatlar yoxdur, çünki razılaşdığımız hər şey qısa şəkildə təqdim olunub”. 

  Xatırladaq ki, Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə substantiv işi aktivləşdirmək barədə razılığa gəlinib. 

  Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda belə bir fikir formalaşıb ki, İrəvan hökumətinin bu problemin həlli ilə bağlı heç bir planı yoxdur. Ekspertə görə, hətta erməni ictimaiyyəti arasında "pis plan yoxdan yaxşıdır" düşüncəsi hökm sürür:

 "Bunun özü göstərir ki, Ermənistan siyasi proseslərin arxasınca sürünməklə məşğuldur. Paşinyanın son bəyanatı da bunu sübut edir. Ermənistan dalana dirənib. Ümid etdiyi Rusiya, Qərb ölkələri belə onlara çıxış yolu göstərə bilmir. Hazırda vasitəçilərin vermək istədikləri dəstək isə Ermənistanı daha çox dalana dirəyir. Azərbaycanın ardıcıl həmlələri Ermənistanda elə bir mühit yaradıb ki, istər hakimiyyət, istərsə də toplum gələcəyin necə olacağı barədə sağlam fikir yürüdə bilmirlər".

A.Qasımova görə, Paşinyanın bundan sonra hansı addım atacağı Azərbaycanın nə deməsindən asılı olacaq:

 "Ermənistan tərəfi daha çox itirməmək üçün Azərbaycanın təklif etdiyi və hələlik Ermənistanı da qane edən 5 təklifin həyata keçirilməsi üçün çalışmalıdır. Bunlar beynəlxalq hüququn qəbul etdiyi təkliflərdir və hamı tərəfindən qəbul edilir. 

Paşinyanın rəsmi Bakı ilə əməkdaşlıq etməkdən başqa çıxış yolu yoxdur. Bunun əksi Ermənistanın dövlət kimi yox olmasına gətirib çıxara bilər. Azərbaycanla müsbət münasibətlər qurmaq Ermənistan dövlətinin ayaqda qalması üçün tək çıxış yoludur".