Ermənistanın baş naziri Bakının tələbləri ilə razılaşır

Paşinyana hətta danışıqlar zamanı bəzi terminlərdən istifadə qadağan edilib

  "Brüssel görüşündə əldə edilən razılıqların məhsuldarlığı bu kimi dialoqların daha çox qapalı xarakter almasını tələb edir". Bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. Analitik bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi Bakının tələblərini qəbul etməkdədir: 

"Görüşdən sonra Ermənistan tərəfinin "status" və Minsk qrupu ifadələrindən istifadə etməməsi onu göstərir ki, 
Paşinyana bəzi terminlərdən istifadə etmək qadağan edilib. Gözlənildiyi kimi bir nömrəli mövzu məhz sülh müqaviləsi olub. Tərəflər sülh müqaviləsi ilə bağlı konkret ifadələrlə bağlı sentyabr ayında XİN rəhbərləri səviyyəsində görüş keçirəcəklər. Sülh müqaviləsində ən prinsipial xarakter daşıyan məsələ - Qarabağla bağlıdır. Müqavilədə böyük ehtimalla Qarabağ ifadəsindən istifadə edilməyəcək. 

Əsas vurğu isə əlbəttə ki, "tərəflər bir-birinin dövlət sərhədlərini, ərazi bütövlüyünü tanıyır" kimi oxşar ifadələr olacaq. Görünən odur ki, XİN rəhbərləri -Ceyhun Bayramov və Ararat Mirzoyan təlimatlara əsasən cümlələr, ifadələr ilə bağlı konkret hədəfi bəlirləyən görüşlər keçirəcəklər. Kommunikasiya və delimitasiya məsələləri isə sonrakı hədəflər kimi müzakirələrin predmeti olacaq. 

Brüssel görüşünü təhlil edərkən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Avropa İttifaqı əleyhinə açıqlamasını da diqqətə almaq lazımdır. Bu isə o deməkdir ki, danışıqlar uğrunda ciddi geosiyasi rəqabətə start verilib".