İtaliya-Azərbaycan əlaqələri böyük gələcək vəd edir

Asim Mollazadə: "Əminəm ki, İtaliya Azərbaycanın yaratdığı qlobal nəqliyyat sistemində, onun inkişafında fəal iştirak edəcək"

  Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, Romada Azərbaycan səfirliyinin yeni binasının açılışı, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlər, keçirilən yüksək səviyyəli görüşlər qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə müsbət dinamika ilə inkişaf etdiyini göstərir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. 2021-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb. Bütün bunlar kifayət qədər yüksək göstərici olmaqla yanaşı, eyni zamanda qarşılıqlı münasibətlərin inkişaf perspektivlərini nümayiş etdirir. 

Torpaqlarımız işğal altında olan zaman İtaliya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe sərgiləyən, rəşadətli, müzəffər ordumuzun qələbəsindən sonra ölkəmizi təbrik edən bir dövlətdir. Azərbaycanın strateji tərəfdaşı kimi azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq prosesində də fəal iştirak edir. Dövlət başçısının İtaliyaya səfəri qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olacaq.

 Ümumən, qeyd etmək lazımdır ki, Azərbaycan və İtaliya arasında ənənəvi səmimi dostluq əlaqələri son illərdə daha da qüvvətlənib, tərəflər arasında bir-birinə qarşı hörmət və rəğbət dərinləşib. İkitərəfli siyasi əlaqələrin möhkəmlənməsi müxtəlif sahələrdə əməkdaşlığın nəticəsi kimi ciddi nailiyyətlərin əldə edilməsinə səbəb olub. Hər iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri və keçirilən yüksək səviyyəli görüşlər, vacib sənədlərin imzalanması Azərbaycanı Cənubi Qafqaz regionunda İtaliyanın strateji tərəfdaşına çevirib. 

 Ötən dövrdə iki ölkə arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənədə əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verməkdədir. Tərəflər sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrdə əlaqələri daha da böyüdüb. Ötən dövrdə İtaliya Azərbaycan iqtisadiyyatına 800 milyon dollardan çox, Azərbaycanın isə İtaliyaya 1,8 milyard dollar həçmində sərmayə yatırıb. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşmasında mühüm rol oynayıb və TAP kəməri ilə bu ölkəyə qaz ixracı reallaşıb. 

  İki ölkənin münasibətlərini "Şərq"ə dəyərləndirən millət vəkili Asim Mollazadə deyib ki, İtaliya Avropa ölkələri içində Azərbaycanın çox etibarlı strateji tərəfdaşıdır. Deputat vurğulayıb ki, siyasi-iqtisadi, humanitar sahələrdə Azərbaycanın İtaliya ilə sıx əməkdaşlığı var: 

"İtaliyanın Baş naziri Mario Draqinin də dediyi kimi Azərbaycan Prezidenti İlham Əliyevin səfəri iki ölkə arasındakı münasibətləri yeni mərhələyə, inkişaf mərhələsinə daşımağa xidmət edir. Ümidvaram ki, İtaliya ilə hərtərəfli əməkdaşlığımız daha da artacaq. Hazırda İtaliya şirkətləri Qarabağda aparılan quruculuq-bərpa prosesində müəyyən işlər görürlər. İtaliyanın 5 universitetinin Azərbaycanın ADA ilə əməkdaşlığı çərçivəsində çox önəmli layihələr həyata keçirilir. Ölkəmiz İtaliyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Əminəm ki, İtaliya Azərbaycanın yaratdığı qlobal nəqliyyat sistemində, onun inkişafında fəal iştirak edəcək. Ümumiyyətlə, İtaliya-Azərbaycan əlaqələri qarşılıqlı maraq doğurur və böyük perspektiv vəd edir".