Kreml imkan verməz

Ermənistan Rusiyadan başqa heç bir ölkədən silah, hərbi texnika ala bilməz

  Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Qərb ölkələrindən şikayətlənib. Baş nazir iddia edib ki, Ermənistan silah alınması üçün bütün maliyyə imkanlarına sahibdir, lakin elə ölkələr var ki, İrəvana silah satmaq istəmirlər. Onun sözlərinə görə, silah alınması maliyyə, siyasi, texniki və nəqliyyat daxil olmaqla 4 komponentdən ibarətdir: “Maliyyə baxımından problem olmasa da, siyasi problemlər mövcuddur. Elə ölkələr var ki, bizə silah satmağa hazır deyillər. Elə ölkələr də var ki, bunu etməyə hazırdırlar, lakin onların lazımi silahı yoxdur”. Paşinyan daha bir problemə toxunub: “Ermənistanın dənizə çıxışı olmadığından hərbi texnikanı bu yolla ölkəyə gətirmək mümkün deyil”. 

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, Ermənistan hakimiyyəti müxtəlif dövlətlərdən silah və hərbi texnika almaq üçün siyasi qərar vermək iqtidarında deyil. Ekspertin sözlərinə görə, Kreml Ermənistana imkan verməz:

"İrəvan Rusiyadan başqa digər ölkələrdən istədiyi sayda silah və hərbi texnika ala bilərmi? Rusiya silahın və hərbi texnikanın Ermənistana bir hissəsini pulsuz verib, İrəvan digərlərini Kremlin ayırdığı kreditlə əldə edib. Rusiya Ermənistan üçün bu cür münbit şərait yaradarkən İrəvan başqa hansı ölkədən silah və hərbi texnika almaq istəyə bilər? Rusiyadan başqa heç bir ölkə Ermənistana nə pulsuz silah verər, nə də silah almaq üçün kredit ayırar. Paşinyanın "dənizə çıxışı olmayan Ermənistanın hərbi texnikanı ölkəyə çatdırılması çətindir" cümləsi də diqqəti cəlb edir. Rusiya Ermənistana silahı bir neçə yolla çatdırır. Xəzər dənizi və İran üzərindən quru yolla, Mərkəzi Asiya və İranın hava sahəsi üzərindən, o cümlədən Gürcüstanın hava sahəsindən istifadə edərək silahlar Ermənistana yollanılır. Paşinyan isə ona işarə edib ki, silahların bu yollarla çatdırılmasında çətinliklər var".