Fransanın “ağına da lənət, qarasına da”

Turab Rzayev: “Onun bölgəyə hansısa nümayəndə göndərməsi ölkəmizə müsbət heç nə vəd etmir”

“İstənilən halda onun yayacağı məlumatlar anti-Azərbaycan mahiyyətli olacaq”

Fransa Ermənistan-Azərbaycanın sərhədindəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə nümayəndə heyəti göndərəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu özünün “Twitter”ində yazıb. 

Məsələyə münasibət bildirən analitik Turab Rzayev "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Fransanın belə bir addımını heç halda xoş qarşılamaq mümkün deyil:

 "Çünki , o İkinci Qarabağ savaşı boyunca ermənipərəst mövqe tutub. Belə olduqda onun bölgəyə hansısa nümayəndə göndərməsi bizə müsbət heç nə vəd etmir. Fransa nümayəndəsi sərhəddə sadəcə müşahidəçi kimi gələcək. Ona görə də bu səfərin ciddi bir çəkisinin olacağını düşünmürəm. İstənilən halda onun yayacağı məlumatlar Ermənistan maraqlarını müdafiə edən, anti-Azərbaycan mahiyyətli olacaq. Məhz elə buna görə də Fransa nümayəndə heyəti İrəvana gedib ordan Azərbaycan-Ermənistan sərhəddinə gəlməyə çalışır. Eyni zamanda Fransa bir çox bölgədə Rusiyanın zəifləməsindən istifadə edərək həmin yerlərdə öz təsir vasitələrini artırmağa səy göstərir. Biz bunu Liviya, Aralıq dənizi, Yunanıstan, Suriyada da gördük. İndi də, o, Ermənistanda rəsmi Moskvanın təsirini azaltmaq istəyir. Rusiyanı Avropa İttifaqının “əli” ilə və ya birbaşa bölgədən uzaqlaşdırıb onu özü ilə əvəzləməyə çalışır. Düşünürəm ki, rəsmi Paris belə səfərlər təşkil edib provokativ addımlar atmaqdansa, Aİ-nin vasitəçiliyi ilə Brüssel görüşlərini bərpa edib, bu müzakirlərdə əldə olunan qərarların icrasını təmin etsə, daha yaxşı olar".