ABŞ və bəzi Qərb ölkələri vətəndaşlarını Rusiyadan çıxarırlar

“Bu, şimal qonşumuzda təhlükəli hadisələrin baş verə biləcəyinə yönəlik kəşfiyyat məlumatlarının mövcudluğunu göstərir”

“Dünya demək olar ki, nüvə savaşı təhlükəsi ilə qarşı-qarşıya qalıb”


ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb. Bu barədə məlumatı Amerikanın şimal qonşumuzdakı diplomatik missiyası yayıb. Məlumatda qeyd olunub:"ABŞ vətəndaşları Rusiyaya səfər etməkdən çəkinməlidirlər. Rusiyada yaşayanlar və yaxud bu ölkədə səfərdə olanlar isə kommersiya səfərləri üçün hələ ki məhdud imkanlar varkən dərhal Rusiyanı tərk etməlidir”. Bildirilib ki, sözügedən qərar Rusiya tərəfinin ABŞ vətəndaşları üçün ikili vətəndaşlığın tanınmasından imtina etməsi, onların Rusiyadan çıxışına icazə verilməməsi və hərbi xidmətə çağırılmaları ilə bağlı risklərə görə verilib. 

Siyasi şərhçi Elçin Xalidbəyli ABŞ-ın bu çağırışı ilə bağlı "Sherg.az"a danışarkən vurğulayıb ki, hazırda Rusiyada olduqca ciddi ölkədaxili siyasi -ictimai proseslər cərəyan edir:

 " Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyada kütləvi etiraz dalğasının baş qaldıra, hətta iğtişaşların başlaya biləcəyi inandırıcıdır. Bu baxımdan, bəzi xarici ölkə səfirliklərinin öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırması o qədər də gözlənilməz deyil. ABŞ və daha bir neçə Avropa ölkəsi artıq belə bir çağırış edib. 

Xarici dövlətlərin səfirliklərinin öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırması olduqca təhlükəli hadisələrin baş verə biləcəyinə yönəlik kəşfiyyat məlumatlarının mövcudluğunu göstərir. Belə anlaşılır ki, ABŞ və Avropa ölkələrinin vətəndaşları üçün həyati təhlükə var. Üstəlik, böyük ehtimalla bu yalnız Rusiyada ola biləcək daxili iğtişaşlar ilə bağlı deyil.

Məsələ ondadır ki, Rusiya siyasi dairələri Ukraynaya və rəsmi Kiyevə hərbi dəstək verən ölkələrə qarşı nüvə silahından istifadə ediləcəyi barədə təhdidləri intensivləşdiriblər. Yəni dünya demək olar ki, nüvə savaşı təhlükəsi ilə qarşı-qarşıya qalıb. İndi Rusiya Ukraynaya və yaxud hər hansı başqa ölkəyə qarşı nüvə zərbəsi endirərsə, NATO bunu cavabsız buraxmayacağını qətiyyən gizlətmir.

 Deməli,  NATO da cavab reaksiyası kimi Rusiyaya nüvə zərbəsi endirmək niyyətindədir. Bu zərbələr hər iki tərəfdən hətta taktiki nüvə silahı ilə endirilsə belə, bu yüzminlərlə insanın həyatı bahasına başa gələ bilər. 

Ona görə də, ABŞ və bəzi Qərb ölkələri öz vətəndaşlarını indidən nüvə zərbəsinə məruz qalma ehtimalı olan Rusiya ərazisindən tez-tələsik çıxartmağa çalışırlar. İstənilən halda, Rusiyanın dərhal tərk edilməsinə yönəlik çağırışlar faciəvi hadisələrin yaxınlaşmaqda olduğunu göstərir. Ona görə də, Kreml bundan sonra atacağı addımları yaxşı ölçüb-biçməlidir ki, həm Rusiya, həm də bütün dünya nüvə müharibəsi təhlükəsi ilə üzləşməsin" .