“Moskva Ermənistanın Qərbə yönəlməsini qəbul etmir”

“Ona görə də Azərbaycan tərəfi ilə bu cür telefon danışıqlarını təkrarlayır”

“Rəsmi İrəvanın gücü qalmayıb. Rəsmi Bakı isə günbəgün öz xeyrinə olacaq sülhə doğru addımlayır”


Sentyabrın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiya və Türkiyə XİN başçıları ilə  telefon danışığı baş tutub. C.Bayramov rusiyalı həmkarı Sergey Lavrovla bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə edib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə isə bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıb. Onların danışığında postmünaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlərin, o cümlədən geniş bərpa və quruculuq prosesinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Müzakirələri “Sherg.az”a dəyərləndirən Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, İkinci Qarabağ savaşındakı qələbəmizdən sonra münaqişənin həllində önəmli rol oynayan tərəflərlə bu cür telefon danışıqlarımız olduqca önəmlidir: 

"Ermənistanın sərhəddə törətdiyi son təxribatlardan sonra öz daxilində çox ciddi proseslər cərəyan edir. Paşinyan iqtidarı hər vəclə yekun sülhün imzalanmaması üçün dirənir. Nikol bütün yollara baş vurur. Eyni zamanda son dönəmlərdə erməni iqtidarının Rusiyadan qopması da açıq şəkildə görünür. İstər ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri, istərsə də KTMT-nin sərhəddəki son hadisələrlə bağlı tərəddüdlü mövqeyi də bunu göstərir. Paşinyan xəyal qırıqlığına uğradı. Görünən odur ki, bunlardan sonra Ermənistan daha da Qərbə doğru yönəldi. 

Rəsmi Moskva bunu heç cür qəbul edə bilmir. Ona görə də Azərbaycan tərəfi ilə bu cür telefon danışıqlarını təkrarlayır. Hər bir telefon danışığının da bölgədəki münaqişənin Azərbaycanın xeyrinə həlli üçün çox böyük əhəmiyyəti var. Son dövrlər Azərbaycan XİN başçısının əvvəlki illərə nisbətən fəaliyyəti də qənaətbəxş sayılmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi indi hər kəs tərəfindən müsbət qarşılanan fəaliyyət aparır. Onsuzda artıq Ermənistanın dirəncək gücü qalmayıb. Rəsmi Bakı isə günbəgün öz xeyrinə olacaq sülhə doğru addımlayır. 

Son olaraq Ter-Petrosyanın da açıqlaması göstərdi ki, artıq Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa yolu qalmayıb. Bu şəxs ermənilər üçün sıradan biri sayılmır və Azərbaycan torpaqları faktiki olaraq onun dövründə işğal olunmuşdu. Onun da bu cür etirafları Ermənistanın artıq dalana dirədiyini göstərir" .