“Rəsmi İrəvan yekun sülhə süni əngəllər yaradır”

“Azərbaycan İkinci Qarabağ savaşından sonra dəfələrlə Ermənistana sülh müqaviləsi imzalamağı təklif edib”

“Sərhədlərin delimitasiyası ilə bağlı təşəbbüslərdən çıxış edib, lakin qarşı tərəf bu prosesdən yayınıb”



İki ölkə arasında sülh danışıqlarının getdiyi bir vaxtda sentyabrın 12-si gecə saatlarında Ermənistan Azərbaycanla sərhəddə təxribat törətdi. Təxribat nəticəsində şəhidlər verdik, yaralılarımız oldu. Sərhədboyu ərazilərdə törədilən təxribat təbii ki, cavabsız qalmadı. Azərbaycan Ordusu düşmənə layiqincə cavab verdi. Ordumuz təxribatlarla üz-üzə qaldığı ərazilərdə öz nəzarətini bərpa etdi.

Millət vəkili Cavid Osmanov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, məsələnin kökündə bəzilərinin ölkəmizin dünyada artan nüfuzuna xələl gətirmək niyyəti durur:  

“Ermənistanın sentyabrın 12-də başlatdığı silahlı təxribatların qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı. Ordumuz bununla düşmənə bir daha sarsıdıcı zərbə vurdu və çox vacib strateji yüksəkliklərə nəzərati ələ keçirdi. Lakin bununla paralel şəkildə düşmən tərəfin informasiya təxribatı da başladı. Bu zaman qərəzli mövqedən çıxış edən ermənipərəst dairələrin diqtəsi ilə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülməyə başlandı. Əvvəlcə elə Ermənistanın hərbi-siyasi rəhbərliyi özü bildirdi ki, guya Azərbaycan tərəfi təxribatların qarşını almağa çalışarkən onların ərazi bütövlüyünü pozub. Hamıya bəllidir ki, bu əsassız və heç bir fakta söykənməyən ittihamdır. Rəsmi Bakı İkinci Qarabağ savaşından sonra dəfələrlə Ermənistana sülh müqaviləsi imzalamağı təklif edib.

 Sərhədlərin delimitasiyası ilə bağlı təşəbbüslərdən çıxış edib, lakin qarşı tərəf  bu təkliflərdən yayınıb. Rəsmi İrəvan isə bunlara süni əngəllər yaradıb. Ermənipərəst dairələrin diqtəsi ilə hərəkətə keçən xarici ölkələrdə fəaliyyət göstərən bəzi parlamentarilər, bloqerlər və digərləri ölkəmizə qarşı qərəzli mövqedən çıxış etməyə başladılar. 

Guya ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozub. Bu bir daha dünyada ikili standartların olduğunu göstərir. Çox təəssüf ki, belə adamlar bizim torpaqlarımızın otuz illik işğal altında olmasına heç bir fikir bildirməyiblər. 

Ermənilər Azərbaycan xalqına qarşı etnik təmizləmə və vandalizm aktı, qanlı Xocalı soyqırımını törədiblər. Həmin adamlar dünyanın bunu görməsi üçün heç bir addım atmayıblar. İndi ayağa qalxıb otuz il ərzində heç bir beynəlxalq hüquqa məhəl qoymayan, terrorçu bir ölkəyə dəstək olmağa çalışırlar”.