Azərbaycan və Gürcüstan güclərini birləşdirir

Cənubi Qafqaz regionunda sülhün və əməkdaşlığın təmin edilməsi üçün olduqca əlverişli şərait yaranıb

  Azərbaycan-Gürcüstan münasibətləri "soyuq müharibə"dən sonrakı mərhələdə davam edən ən uğurlu əməkdaşlıq modelidir. Bu qədər gərgin regionda bu qədər uğurlu və çoxşaxəli əməkdaşlığın, bu qədər qlobal əhəmiyyətli regional layihələrin birlikdə reallaşdırılmasının başqa nümunəsi yoxdur. Azərbaycanın 30 ildə gəldiyi uğurlu nöqtədə balanslaşdırılmış siyasətin və Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatının böyük rolu var. Bu format gələcəkdəki istənilən əməkdaşlıq formatlarının özülü olacaq. 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan dövlət başçısı İlham Əliyevlə birgə mətbuat konfransında iki dəfə ikitərəfli münasibətləri "strateji tərəfdaşlıq" kimi xarakterizə etdi. Prezident Gürcüstandakı görüşdə ikitərəfli münasibətlərin strateji xarakterini xüsusi vurğuladı. Hətta strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə qalxdığını qeyd etdi. Cənubi Qafqazda qalıcı sülh bölgə dövlətlərinin öz aralarında yaradacaqları sülh olacaq. Bu sülh bütün dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, əməkdaşlıq potensialının birgə reallaşdırılmasına, bütün komminikasıya xətlərinin açılmasına və birgə istifadəsinə əsaslanmalıdır. Bu çərçivədə birgə layihələr reallaşdırıla bilər. Azərbaycanın bu istiqamətdəki təşəbbüslərinin Gürcüstan tərəfindən açıq şəkildə dəstəklənməsi müsbət haldır. 

  Gürcü ekspert Levan Kipiani deyib ki, Cənubi Qafqaz regionu böyük dəyişikliklər astanasındadır - həm Gürcüstan, həm də Azərbaycan bunda böyük rol oynayır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisiyə səfərindən sonra Türkiyədən də aktivlik gözlənilən olacaq: 

“Proseslər və hadisələr çox sürətlə dəyişir və biz regionda əhəmiyyətli, dərin dəyişikliklər gözləməliyik. Tbilisi, Bakı və Ankaranın bu illər ərzində yaratdığı üçbucaq çox güman ki, yeni məna kəsb edəcək və Ermənistanı yeni seçim qarşısında qoyacaq”. 

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, son 19 ildə Prezident İlham Əliyev qonşu Gürcüstana dəfələrlə səfər edib. Daha doğrusu, Gürcüstan Azərbaycan liderinin ən çox səfər etdiyi ölkələr sırasında gəlir. Oktyabrın 24-də ölkə başçısı İlham Əliyevin Gürcüstana baş tutan işgüzar səfəri qonşu ölkəyə sayca 10-cu səfəridir: "Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən səfər Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Çünki bu səfər zamanı iki ölkənin dostluq və müttəfiqlik münasibətlərinin yeni hədəfləri müəyyən edildi. Azərbaycan Prezidentinin Gürcüstanla münasibətlərə belə xüsusi önəm verməsi və bu ölkəyə dəfələrlə səfər etməsi nədən irəli gəlir? Gürcüstan Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə kimi təbii, tarixi müttəfiqimiz sayılır. Hər iki dövlət və xalqlarımız xüsusən də son yüzillikdə daim səmimi dostluq və qardaşlıq münasibətlərini qoruyub saxlaya bilib. Biz əvvəllər yaxın qonşuluq və dostluq münasibətlərinə malik olan ölkələr hesab olunurduqsa, hazırda iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Və bu nəticəyə nail olunmasında Prezident İlham Əliyevin xüsusi rolu var".

  Partiya rəhbəri hesab edir ki, Gürcüstan bizə təkcə tranzit ölkə kimi logistika baxımından lazım deyil. Biz Gürcüstana sadəcə enerji daşıyıcılarımızın nəqli üçün ötürücü-tranzit ölkə kimi baxmırıq. Rəsmi Bakı bu qonşu ölkə ilə bütün sahələrdə sıx əməkdaşlığın tərəfdarıdır: 

"Prezident İlham Əliyevin Gürcüstana son səfəri ilə Azərbaycan-Gürcüstan münasibətlərinin prinsipcə yeni mərhələyə keçməsinə start verildi. Bu da onunla bağlıdır ki, avantürist Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan və Gürcüstan liderləri Cənubi Qafqazda sülh və sabitliyin gələcəyinin ilk növbədə məhz region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılı olduğunu çox gözəl başa düşürlər. Azərbaycan-Gürcüstan münasibətlərinin yeni mərhələyə keçməsinin bir digər səbəbi isə dünyada baş verən son qlobal dəyişikliklərlə bağlıdır. Belə ki, get-gedə daha da dramatik xarakter almaqda olan Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın indiyə qədər görünməmiş miqyasda total sanksiyalara məruz qalması bu ölkənin beynəlxalq yükdaşımalar sistemindən sıxışdırılıb çıxarılmasına və geosiyasi, geoiqtisadi proseslərə təsir gücünün azalmasına gətirib çıxarıb. Bu da Bakı ilə Tbilisiyə imkan verir ki, Asiyadan Avropaya yükdaşımalarda təşəbbüsü ələ alsınlar və Orta Dəhlizin aparıcı ölkələri rolunda çıxış etsinlər. Çin-Orta Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz-Türkiyə-Avropa beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin gündən-günə genişlənməsi də onu göstərir ki, Bakı və Tbilisi qlobal proseslərin nəbzini düzgün tutmağı bacarıblar. Bu gün Asiya və Avropanın onlarla ölkəsinin istər qaz təchizatı, istərsə də digər iqtisadi-ticari ilişgiləri ilk növbədə məhz Azərbaycan-Gürcüstan münasibətlərinin səviyyəsindən və xarakterindən asılıdır.  
  Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri regionun digər ölkəsi olan Ermənistan üçün də nümunəvi regional əməkdaşlıq modeli rolunu oynaya bilər. Lakin əfsuslar olsun ki, Cənubi Qafqazda yeganə destruktiv ölkə kimi tanınan Ermənistanın yürütdüyü qeyri-sağlam siyasət bu ölkəni Gürcüstan və Azərbaycanın aparıcı rol oynadığı bütün beynəlxalq layihələrdən kənarda saxlamağa səbəb olur. Ancaq buna baxmayaraq Bakı və Tbilisi bu məsələdə də ortaq mövqedən çıxış edir və Ermənistan rəhbərliyini bu cür özünütəcrid siyasətindən əl çəkməyə, regionda cərəyan edən inteqrasiya proseslərinə qoşulmağa səy göstərir".
  Ə.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan tərəfi Gürcüstanla səylərini birləşdirərək növbəti dəfə Ermənistana sülh və əməkdaşlıq əlini uzadır: "Burada bir önəmli məqam ondan ibarətdir ki, beynəlxalq birlik də Azərbaycan Prezidentinin bu mövqeyinə pozitiv münasibət sərgilədi. ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqan İlham Əliyevin həmin bəyanatını şərh edərkən söylədi ki, “Azərbaycan Prezidentinin bu bəyanatı ümidvericidir. Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın və dialoqun qurula biləcəyi çoxlu müxtəlif sahələr var. Enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurula bilər. İlham Əliyevin bəyanatı bu baxımdan çox müsbət və ümidverici idi”.
  Göründüyü kimi hazırda Cənubi Qafqaz regionunda sülhün və əməkdaşlığın təmin edilməsi üçün olduqca əlverişli şərait yaranıb. Azərbaycan və Gürcüstan bunun üçün gərəkən bütün addımları atıblar. İndi top Ermənistan tərəfdədir. Özünü Qərbyönümlü kimi göstərməyə çalışan, lakin əsl həqiqətdə isə davamlı olaraq pozucu mövqe nümayiş etdirən və regionda sülhə təhdid yaradan rəsmi İrəvan artıq ənənəvi davranışlarına son qoymalı, konstruktiv mövqe nümayiş etdirməlidir. Ermənilər azərbaycanlılar və gürcülərin hərəkətə gətirdiyi sülh və əməkdaşlıq qatarına qoşulmaq şansını düzgün dəyərləndirməlidir".