Sülh qaçılmazdır


Putin Soçidə baş nazirə mesaj verir ki, müharibənin dayandırılmasına görə götürdüyü öhdəlikləri – 10 noyabr razılaşmasını icra etmək lazımdır

  Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Rusiyanın Soçi şəhərində ikitərəfli görüş keçirilib. Görüş 1 saatdan çox davam edib. Rusiya rəhbəri deyib ki, Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ" problemini həll etmək üçün siyasi iradəsi var: "Münaqişə onilliklərdir ki, davam edir. Və biz buna birtəhər son qoymalıyıq. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var. Biz bunu hər cür dəstəkləyirik. Biz irəliləməyə imkan verəcək əsas məqamları tapmalıyıq”. Rusiya prezidenti qeyd edib ki, Soçidəki danışıqlar mövcud vəziyyəti müzakirə etmək üçün növbəti fürsət olacaq. Onun fikrincə, indi ən başlıcası sülhə nail olmaq və iqtisadi inkişaf üçün şərait yaratmaqdır. Bu vəzifə həm də 2020-ci ilin noyabrında, hərbi əməliyyatları dayandırmaq lazım olan vaxt qarşıya qoyulub. Rusiya lideri görüşün yekunlarına əsasən irəliləyişin mümkün olacağına ümid etdiyini bildirib. 

  Ermənistan Baş naziri Nikol Paşinyan isə deyib ki, İrəvan regional kommunikasiya əlaqələrinin açılmasında maraqlıdır və hər an qərar qəbul etməyə hazırdır: "Ermənistan ərazisindəki kommunikasiyalar İrəvanın tam nəzarəti altında olmalıdır”. Paşinyanın qısa çıxışını əvvəlcədən hazırlanmış vərəqdən oxuması diqqətdən qaçmayıb. 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Paşinyan Rusiya rəhbərindən bir sıra xahişlər edib. Analitik vurğulayıb ki, baş nazir Azərbaycan Ordusunun Ermənistan “ərazisindən” çıxarılmasını tələb edib:

 "Həmçinin, Paşinyan bildirib ki, Azərbaycan Ordusu Qarabağda rus sülhməramlılarının “məsuliyyət zonası”ndan çıxarılmalıdır. Eyni zamanda Ermənistan ərazisindən keçən kommunikasiya xətləri İrəvanın nəzarətində olmalıdır, yəni Zəngəzurdan dəhliz verməyəcəklərini söyləyib. Putin isə öz çıxışında 10 noyabr 2020-ci ildə müharibənin necə və hansı razılaşma ilə dayandırıldığını xatırladıb. Deyib ki, üç ölkənin rəhbərliyi o fikirlə razılaşıb ki, sülhü təmin etmək və inkişafa nail olmaq lazımdır: "Həmçinin, Ermənistan iqtisadiyyatının inkişafı üçün nəqliyyat infrastrukturunun blokadadan çıxarılması, yeni marşrutların yaradılması vacibdir. Biz bu məsələlərdən danışmalıyıq və ümid edirəm irəliləyiş olacaq”. Putin bununla erməni baş nazirə mesaj verir ki, müharibənin dayandırılmasına görə götürdüyü öhdəlikləri – 10 noyabr razılaşmasını icra etmək lazımdır. Nikol “üzündən oxusa” da görünür, 10 noyabr razılaşmasını icra etməkdən imtina etməkdə israrlıdır. Paşinyanın mövqeyi vəziyyəti yenidən gərginləşdirə bilər".