Rusiya hesab istəməkdə haqsızdır

Moskvanın gedişi hüquqi yox, siyasidir

"Taxıl sazişi"ndən imtina etmək üçün qərar 6 ay öncədən bəyan edilməlidir


  Ukraynanın taxıl dolu gəmiləri limanlarda qalıb. Taxıl sövdələşməsində iştirak edən 218 gəminin hərəkəti əngəllənib. Ukraynanın İnfrastruktur Nazirliyinin məlumatına görə, Rusiya Qara dəniz Donanmasına hücumu əsas gətirərək, birtərəfli qaydada taxıl sazişindən çıxıb. Rəsmi Moskvanın BMT-yə və Türkiyə hakimiyyətinə “taxıl təşəbbüsü"nün “Sevastopoldakı hücuma görə” müvəqqəti dayandırıldığı barədə məlumat verdiyi bildirilir. Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər problemin həlli və taxıl təşəbbüsünün fəaliyyətinin davam etdirilməsi üçün müvafiq tərəflərlə təmasdadırlar. Qeyd edək ki, indiyədək İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti sayəsində Ukrayna limanlarından ehtiyacı olan ölkələrə 9,3 milyon ton taxıl uğurla göndərilib. 

  Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya “Taxıl sazişi”ndən çıxdıqdan sonra Afrika ölkələrinə dəstəyini davam etdirəcək, lakin bunun dəqiq necə olacağı işlənib hazırlanmalıdır. Peskov onu da qeyd edib ki, Rusiyasız taxıl sövdələşməsi çətin ki, mümkün olsun: “O, daha riskli xarakter alır”. 
  Rusiya Xarici İşlər Nazirlyinin mətbuat katibi Mariya Zaxarova deyib ki, taxıl razılaşması Britaniya mütəxəssislərinin rəhbərlik etdiyi Zelenski və onun terrorçuları tərəfindən pozulub. Zaxarova onu da qeyd edib ki, Rusiya ehtiyacı olan ölkələrə 500 min ton taxılı təmənnasız olaraq verməyə hazırdır. NATO-nun mətbuat katibi Oana Lunqesku Moskvaya çağırış edib. O, Rusiyanı anlaşmanı təcili bərpa etməyə çağırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın "taxıl sazişi"ndən çıxmasına münasibət bildirib. Ərdoğan deyib ki, İstanbulda qurulan Koordinasiya Mərkəzi vasitəsilə Ukraynadan 9,3 milyon ton buğdanın dünya ölkələrinə göndərilməsi təmin edilib və qida böhranının qarşısı nisbətən alınıb: "Hər nə qədər Rusiya Ukrayna buğdasının ixracı üzrə göstərilən səylərlə bağlı tərəddüd etsə də, biz bəşəriyyətə xidmət üçün cəhdlərimizi qətiyyətlə davam etdirəcəyik”. 

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə deyib ki, Rusiyanın sazişdən birtərəfli qaydada çıxması beynəlxalq hüquqa görə mümkünsüzdür. Professorun sözlərinə görə, əgər bir dövlət hansısa beynəlxalq anlaşmaya imza atırsa, öhdəlik götürürsə, imtina qərarını 6 ay öncədən bəyan etməlidir:

 "Rusiya narazılığını bəyan edərək, mart ayında sazişdən birtərəfli qaydada çıxa bilərdi. Aydındır ki, Moskvanın gedişi hüquqi yox, siyasidir. Putin görürdü ki, Ərdoğanın sadəcə Cənubi Qafqazda deyil, həm də Orta Asiyada, bütöv türk dünyasında nüfuzu və təsir imkanları artmaqdadır. "Taxıl sazişi"nin imzalanmasına nail olmaqla Türkiyə qlobal oyunçu olduğunu da bir daha isbatladı. Türkiyə liderinin açıq-aşkar dünya liderinə, "G-20"nin favoritinə çevrilməsi Kreml rəhbərini ciddi narahat etməkdədir. Buna qısqanclıqla yanaşan Putin bir sıra bəhanələr uyduraraq Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş sazişdən imtina etdi".
  C.Nuriyevə görə, Rusiya hesabat istəməkdə haqsızdır: "Sazişdə Ukraynanın taxılı kimə, hara satacağı ilə bağlı bənd, öhdəlik yoxdur. Kiyev öz taxılını istədiyi ölkəyə sata bilər. Yəni taxıl kasıb Afrika dövlətləri ilə yanaşı, Avropa ölkələrinə də daşına bilər. Nəzərə alaq ki, Ukrayna öz taxılını satır, ixrac edir. Burada söhbət humanitar yardımdan getmir ki, taxılın kasıb ölkələrə getməməsi hansısa problem yaratsın. Kremlin məsələyə yanaşması düzgün deyil, ittihamları əsassızdır. Məncə, Rusiyanın sazişdən çıxması ilə bağlı qərarın Soçi görüşü ilə də əlaqəsi var. Sülhün Moskva variantı rəsmi Bakının maraqlarına cavab vermir. Kreml öz gedişləri ilə Azərbaycanın ən böyük dəstəkçisinə - Türkiyə rəhbərliyinə də təzyiq göstərməyə çalışır. Məqsəd Ərdoğanı Ukrayna və Azərbaycan olmaqla iki seçim qarşısında qoymaqdır. Rusiya elə bir dövlətdir ki, istənilən an neqativ addım ata, bəşəriyyətə zərəri toxunacaq qərar verə bilir. Ona görə də Moskvanın pozucu addımları demək olar ki, artıq təəccüb doğurmur".