Mitinq əmri! - Xankəndi Rusiyanın "son qalası"dır



Kreml nəyin bahasına olur-olsun keçmiş sovetlər məkanında qalmağa çalışır
  Bir neçə gün öncə Xankəndidə, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında separatçı qrupa dəstək aksiyası ilə bağlı müəyyən iddialar gündəmdədir. Deyilənə görə, aksiyada könüllü-məcburi qaydada 15 minə qədər insan iştirak edib. Bildirilib ki, mitinq iştirakçıları Ermənistandan Laçın dəhlizi vasitəsi ilə Xankəndinə daşınıblar. Ermənistan KİV-lərində yayılan məlumatlara görə, mitinq Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun təşəbbüsü ilə baş tutub. Volkov bildirib ki, əgər Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək.
Politoloq Azər Niftiyev "Şərq"ə bildirib ki, Xankəndi mitinqinin təşkil olunmasında Rusiyanın bilavasitə rolu var. Ekspert vurğulayıb ki, Rusiya post-sovet məkanında hər zaman təzyiq metodlarından istifadə edib: "Bu, Azərbaycan və Ermənistana münasibətdə də öz əksini tapıb. Fərqli münaqişələri stimullaşdırmaqla, onların ömrünü uzatmaqla öz dominant mövqeyini qorumağa çalışıb. Qarabağ münaqişəsinə də münasibət eyniylə belə olub. Revanşist qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsində və həmin postda uzun müddət qalmasında məhz Kremlin dəstəyi ilə öz siyasi ömürlərini uzadırdılar. ABŞ, Avropa, bütövlükdə Qərb dairələri Rusiyaya qarşı kəskin münasibət sərgiləməkdədir. Ukrayna ilə müharibə aparan Rusiya ən sərt sanksiyalara məruz qalmaqdadır. Ölkə beynəlxalq münasibətlər sistemindən təcrid olunub. Ukraynada istədiyini ala bilmədiyini görən, hər cəhətdən məğlub olduğunu dərk edən Rusiya keçmiş sovetlər məkanında nəyin bahasına olur-olsun qalmaq niyyətindədir. Azərbaycan diplomatik siyasətdə Türkiyə ilə birgə addımlar atır. Rəsmi Bakının Ankara ilə ortaq hərəkəti, müstəqil siyasət yürütməsi Kremli qane etmir. Ona görə də bir neçə istiqamətdə Azərbaycana təzyiq göstərməyə çalışır".
  A.Niftiyev vurğulayıb ki, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər Rusiyanın Azərbaycandakı "son qalası"dır: "Kreml nəyin bahasına olur-olsun "son qalası"nı tərk etmək istəmir. O baxımdan şübhə yox ki, Xankəndi mitinqi birbaşa Moskvanın senarisidir. Ermənistandan Xankəndinə avtobuslarla erməni daşınması da Rusiyanın təşkilatçılığı ilə reallaşıb. Bütün hazırlıq prosesi Rusiya sülhməramlıları kontingentinin başçısının gözü qarşısında baş verib. Birbaşa iştirakçı olmasa belə, baş verənlərə göz yumması faktı onun da məsuliyyət daşımasını şərtləndirir. Ancaq prosesə ümumilikdə baxsaq isə rus sülhməramlılarının rəhbərinin də iştirakçı olduğunu söyləyə bilərik. Rusiya təzyiq siyasəti ilə regionda öz varlığını qorumağa çalışır".