Cəbhədə durğunluq! - Ukraynanın uğurları dalana dirənib



Rusiyanı döyüş meydanında geri oturda biləcək hərbi tədbirlər NATO-nun gündəliyindədir
  Rusiya Prezidenti Vladimir Putin və ölkə rəhbərliyi hələ də Ukrayna barədə danışıqlara hazırdır. Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiyanın, o cümlədən prezidentin danışıqlara hazırlığı dəyişməz olaraq qalır: "Gərginliyi azaltmaq üçün Qərbdəki tərəfdaşlarımızın təkliflərini dinləməyə hər zaman hazırıq”. Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra şərtlərlə Rusiya ilə danışmağa hazır olduğunu söyləyib. Zelenski bildirib ki, ruslar danışıqlar aparmaq istəyirlərsə, Ukrayna ərazilərindən çıxmalıdır: "Onlar ərazimizi tərk etməli və 1991-ci ildə beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində torpaqlarımızı bizə qaytarmalıdırlar. Ondan sonra hansı formatda və kiminlə danışmağa hazır olduğumuzu deyəcəyik. Bu, ədalətlidir”. Qeyd edək ki, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin birləşdirilməsilə bağlı referendum keçirdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbəri Vladimir Putinlə danışmaqdan rəsmən imtina etmişdi. Ümumən, son həftələrdə Xerson ətrafında hərbi əməliyyatlar yenidən şiddətlənib. Bəzi şərhçilərə görə, savaşın yeni mərhələsinin başlanması liderlərin dialoqunu mümkünsüz edir.
  Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Rusiya-Ukrayna müharibəsində Kiyevin sentyabrda qazandığı ərazi nailiyyətləri dalana dirənib. Analitik vurğulayıb ki, Rusiyanın Ukrayna ərazilərini ilhaq etdikdən və nüvə şantajına keçdikdən sonra cəbhə xəritəsində durğunluq müşahidə edilir: "Rusiyanın bəzi nöqtələrdə isə hücumlar həyata keçirərək yeni ərazilər tutduğu haqqında məlumatlar var. Nüvə təhdidləri elə Rusiyanın özünü də qorxudur. Çünki Kreml atom silahına müraciət edəcəyi təqdirdə NATO-nun buna hansı səviyyədə cavab verəcəyini müəyyən etməkdə çətinlik çəkir. Ümumilikdə Qərbin analitik təfəkküründə Rusiyanın özünün də nüvə atıb-atmayacağına dair müzakirələr dilemmalarla müşayiət edilməkdədir. Rusiyanı döyüş meydanında geri oturda biləcək hərbi tədbirlər isə NATO-nun gündəliyindədir və etiraf etmək lazımdır ki, Alyans bəzi addımlardan çəkinir".
  A.Kərimova görə, NATO-nun etməli olduğu hərəkətləri belə təsnifatlandırmaq olar: "Ukraynaya F-16 döyüş təyyarələrinin və ən müasir döyüş tanklarının verilməsinə dair gizli məhdudiyyətlər aradan qaldırıla bilər. NATO Ukraynaya uzaqmənzilli raketlər verərək onların Rusiya ərazisinə atılmasını təmin edə bilər. Həmçinin, NATO qoşunları Ukraynadakı Rusiya qüvvələrinə hücum edər. Hərbi Alyansın qırıcıları Rusiyanın Qara dəniz donanmasına hücumlar həyata keçirə bilər. İndiki mərhələdə isə bunlar real görünmür. Lakin Rusiyanın eskalasiyanı genişlətmək cəhdlərinin gedişatları bəzi hərbi tədbirləri aktuallaşdıracaq".