Putin Bakının mövqeyi ilə razılaşıb


Sülhməramlıların Qarabağda qalmasına Ermənistan qərar verə bilməz
 "Soçi görüşündə əsas məqamlardan biri də Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının mandatının genişləndirilməsi idi. Moskva bunu istəyirdi, İrəvan gündəmə gətirdi, Bakı qarşısını aldı".
  Bu sözləri "Şərq"ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, Putinin mətbuat konfransında dediklərindən çıxan nəticələr sülhməramlılar mövzusuna da aydınlıq gətirdi: "Sülhməramlılar mövzusunda 10 noyabr razılaşmasına istinad qalır. Bu o deməkdir ki, 2025-ci ildə Azərbaycan istəməsə, rus kontingenti Qarabağdan çıxacaq. Paşinyan sülhməramlıların qalma müddətinin uzadılmasını gündəmə gətirsə də, dövlət başçısı İlham Əliyev buna imkan verməyib və Putin Bakının mövqeyi ilə razılaşıb. Digər yandan delimitasiya həll edilsə və sülh müqaviləsi bağlansa, Qarabağ məsələsi kimi rus sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti də bizim daxili işimizə çevriləcək. Kontingentin qalıb-qalmaması mövzusu Rusiya-Azərbaycan-Ermənistan yox, Rusiya və Azərbaycan mövzusu olacaq".