Ermənistan “nala mıxa vurur”! – “Gah sülh deyir, gah da...”


“Ermənistanın XİN rəhbəri  rəsmi İrəvanın 2021-ci ildə imzalanmış 3 tərəfli sazişin 4 müddəasını yerinə yetirməyəcəyini bildirib”

“Yəni onlar Qarabağda qalan erməni silahlı qüvvələrini çıxarmaq niyyətində deyil”


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşünün keçirilə biləcəyini istisna etmir.
O, ölkə parlamentində çıxışı zamanı bildirib ki, konkret razılaşmalar yoxdur, amma düşünürəm ki, belə bir görüş ilin sonuna qədər baş tutacaq:
 “Sülh danışıqları çərçivəsində müzakirələr fəal şəkildə davam edir. Ermənistan tərəfi Bakının sülh müqaviləsi ilə bağlı növbəti təkliflərini alıb və artıq cavab hazırlayır. Tərəflərin yanaşmaları hələ də bir-birindən uzaqdır, lakin Ermənistan və Azərbaycan onları yaxınlaşdırmağa çalışır”.

İrəvanın sülhə maraqlı olmadığını deyən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Sherg.az”a vurğulayıb ki, onların 10 Noyabr razılaşmasını müddəalarını yerinə yetirməməsi prosesi daha da qəlizləşdirir:

“Ermənistanın XİN rəhbəri həmin görüşün keçirilməsi ehtimalını elan etdikdən sonra, İrəvanın 2021-ci ildə imzalanmış 3 tərəfli sazişin 4 müddəasını yerinə yetirməyəcəyini bildirib. Yəni onlar Qarabağda qalan erməni silahlı qüvvələrini çıxarmaq niyyətində deyil. Buna səbəb kimi isə Qarabağda qalan qruplaşmanın qondarma "Arsax" ın qoruyucusu olduğu və onların Azərbaycanda yaşayan ermənilərin hüquqlarını qoruması göstərilir. 

Ermənistanın 3 tərəfli sazişin 4 müddəasını yerinə yetirməyəcəyi təqdirdə isə normal sülh danışıqlarından söz gedə bilməz. Beləliklə Azərbaycanın suveren ərazisindən erməni yaraqlılarının çıxarılması məsələsi yenidən problemli vəziyyətə gətirilir. 

Hətta bu hadisə yeni müharibəyə də səbəb ola bilər. Ümumiyyətlə, bir tərəfdən sülh deyib, digər tərəfdən buna qarşı addımlar atan tərəflə müqavilənin imzalanması mümkün deyil"