Oyun qaydaları dəyişməyib

Putin zaman udmağa, Paşinyan isə erməni cəmiyyətini Moskvaya qarşı ayağa qaldırmağa çalışır

  Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Danışıq zamanı Paşinyan Laçın dəhlizi ilə bağlı "humanitar böhran"a toxunub. Baş nazir bunun aradan qaldırılması üçün Rusiya tərəfindən lazımi addımların atılmasının vacibliyini vurğulayıb. Tərəflər bu kontekstdə Rusiyanın Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər. Hər iki ölkə rəhbəri üçtərəfli sazişlərin icrasına da toxunublar. Bəzi ekspertlərin fikrincə, Qərbdən istədiyi dəstəyi ala bilməyən Nikol Paşinyan xeyli vaxtdır arxa çevirdiyi Rusiyaya yenidən üz tutmaq məcburiyyətində qalıb. 

Lakin analitiklər Paşinyanın Kreml rəhbərindən istədiklərini ala bilməyəcəyini iddia edirlər. 

  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Şərq"ə açıqlamasında səslənən iddiaların əksini düşündüyünü deyib. Politoloq bildirib ki, Paşinyan Qərbdən üz döndərməyib və Qərb də İrəvana dəstəyini geri çəkməyib: 

"Burada yeni bir oyun gedir. Oyun ondan ibarətdir ki, əslində Qərb Rusiyanı Ermənistandan tamamilə sıxışdırıb çıxartmağın yollarını axtarır. Elə bir metod axtarır ki, həm erməni hakimiyyəti, həm də erməni ictimaiyyəti Rusiyanı Ermənistandan atmaqda dirəniş göstərsin. Əlbəttə, indiki məqamda Qərb və Ermənistan üçün ən optimal variant Qarabağda, Laçın yolunda davam edən aksiyadır. Paşinyan aksiya məsələsini, daha doğrusu, yolun guya "bağlı olması" iddiasını Putin qarşısında qaldırmaqla, ondan yardım istəməklə Kreml rəhbərini çıxılmaz vəziyyətdə qoymaq niyyətindədir. Baş nazir sonra deyəcək ki, "baxın, Putindən kömək istədim, amma etmədi". Yəni Paşinyan erməni cəmiyyətini də Rusiya əleyhinə hazırlayır". 

  S.Hümbətov vurğulayıb ki, Paşinyan nisbətən rahat hərəkət edir:

 "Çünki Avropa İttifaqının keçmiş hərbçilərdən ibarət "mülki missiyası" bölgəyə, Ermənistan-Azərbaycan sərhədinə gəlmək üzrədir. Qərb də, Paşinyan da müxtəlif üsullarla Rusiyanı sıxışdırıb çıxarmağa çalışır. Putin isə indiki dönəmdə Cənubi Qafqazdakı məsələləri gərginləşdirməyin tərəfdarı deyil. Kremlin başı Ukraynaya qarışıb. Ona görə də Paşinyanı yola verir. Yəni Putin zaman udmağa, Paşinyan isə erməni cəmiyyətini Moskvaya qarşı ayağa qaldırmağa çalışır. Erməni baş nazir Kreml rəhbərinin onun istəklərini həyata keçirməyəcəyini yaxşı bilir. Putin də Laçın yolu və aksiya məsələsində İrəvana verəcək heç nəyi olmadığının fərqindədir. Çünki burada Azərbaycanla yanaşı, Türkiyə amili də mühüm rol oynayır".