Terror hücumunda bütün oxlar İran rejimini göstərir

Tehranın hadisəni israrla “məişət hadisəsi” kimi göstərmək cəhdi də bu kontekstdə təsadüfi deyil


  "Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırılır". Bunu Prezident İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, səfirliyimizin binasında törədilən terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib. Səfirliyin mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçu zərərsizləşdirilib və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısı alınıb. 

  Həqiqətən də, səfirliyimizə qarşı hücumun təşkil olunması və sonrasında yaşananlar bir daha İranın terrorçuluğu dövlət siyasətinə çevirdiyini əyani olaraq sübuta yetirdi. Azərbaycan səfirliyinə terror aktı üçün seçilmiş gün də təsadüfi olmayıb.

 Şəhərin bir tərəfində Azərbaycan səfirliyinə hücum edilir, digər hissəsində isə ermənilərin mitinqinə icazə verilir. İranda etiraz edən şəxsləri qaldırıcı kranlardan asır, həbs edirlər. Amma Laçın yolunun açılması tələbi ilə mitinq keçirən ermənilərə hər cür şərait yaradılır. Molla rejimi həyata keçirdiyi dövlər terroru ilə Azərbaycanın İsraildəki səfirliyinin fəaliyyətini əngəlləməyə, Azərbaycana öz aləmində "əzələ nümayiş" etdirməyə dair uğursuz həmlə etdi. İndi daha aydın olur ki, Londonda səfirliyimizə qarşı olan hücumun arxasında da molla rejimi olub. Həmin hücumu törədən qruplaşma İran fanatları olan qruplaşma ilə yaxın münasibətlərə malikdir. Molla rejimi bir qayda olaraq düşmənçilik apardığı siyasi hakimiyyətlərə qarşı “narazı kütlə” hazırlamağa çalışır. Bura təkcə dini fanatiklər deyil, həm də narazılığı təşkil etmək üçün digər alətlər də daxil edilir. Nə qədər təəccüblü olsa da, özünü islam dövləti adlandıran molla rejimi LGTB, radikal feminist qruplarla da sıx əməkdaşlığa, işbirliyinə malikdir. 

  İranın Azərbaycana qarşı siyasəti son iki ildə formalaşmayıb. Tehran 44 günlük İkinci Qarabağ müharibəsi dövründə İrəvana hər cür kömək etməyə çalışıb, ərazilərini Ermənistana silah tədarükü üçün açıb. Üstəlik, onlar Vətən müharibəsindən sonra da ermənilərə yanacaq tədarükündən tutmuş siyasi dəstəyə qədər yardım göstəriblər. Vətən müharibəsinədək İran bu siyasətini qonşuluq və din birliyi ilə pərdələyirdisə, savaş günləri Ermənistana verilən dəstək aşkar xarakter aldı. Ermənistana silah ötürülməsinə hər cür şərait yaratdı. Müharibədən sonra Qarabağdakı separatçılara Ermənistan nömrələri ilə yanacaq göndərən qüvvələrlə səfirliyimizə hücum təşkil edənlər eynidir. İranın keçmiş hakimiyyətləri də erməni həmkarları ilə sıx münasibətdə olublar. Ancaq yeni hökumət Azərbaycana qarşı daha aqressiv yanaşır. Özlərinin də tez-tez təkrarladığı kimi, “qırmızı xətt”i çoxdan keçiblər. Nikol Paşinyanın arvadını İrana dəvət edərək məscidləri gəzdirənlər Azərbaycan məscidləri ermənilər tərəfindən dağıdılanda, donuz saxlanılanda səs etməyiblər. Şuşadakı məscidimizi “İran məscidi” adı altında “təmir” ediblər. 
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının əvvəlcədən planlaşdırılması fikri yayılan görüntülər və İran rejiminin rəsmi açıqlamaları fonunda da ön plana çıxır. Analitik qeyd edib ki, görüntülərdə terrorçunun səfirliyin önünə avtomobillə gəldiyi və binanın önündəki İran polisinə əli ilə işarə edərək, içəri daxil olduğu görünür. Burada diqqətçəkən məqam terrorçunun təkcə İran polisinə toxunmaması yox, həm də polisin davranışıdır: 

"Mühafizə köşkündəki İran polisi “kalaşnikovlu” terrorçuya qarşı heç nə etmir. Halbuki binaya daxil olarkən arxasınca atəş açaraq dayandıra, yaxud hansısa formada müdaxilə etməliydi. İran polisi nəinki müdaxilə etmir, ümumiyyətlə, heç nə olmamış kimi yerində əyləşməyə davam edir. Terror aktını “məişət hadisəsi” kimi təqdim etməyə çalışan İran tərəfinin rəsmi açıqlamaları ziddiyyətlidir. Tehran polisi “məişət zəmini” rəyini gücləndirmək məqsədilə terrorçunun səfirliyin önünə övladları ilə gəldiyini iddia edir. Videogörüntülərdə terrorçunun gəldiyi avtomobildə əlavə şəxsin olduğu görünmür. Avtomobildə azyaşlı uşağın olmadığını terrorçunun davranışı da təsdiq edir. Şəxs maşını sürətlə idarə edərək, səfirliyin binası önündəki avtomobilə çırpır. Əgər İran polisinin iddia etdiyi kimi, həqiqətən də, “ailə zəminində” hücum olsaydı, qatil öz övladları ilə gəlsəydi, avtomobili sürətlə digər maşına çırpmazdı. Bir daha vurğulayaq. İran polisi qəza törədən şəxsi saxlamaq əvəzinə, onu sanki Azərbaycan səfirliyinə ötürür. Məntiqlə, avtomobilini digər maşına çırpan bir şəxsin aqressiv, qəzəbli olduğunu görməli, onu zərərsizləşdirməli idi". 

  Ekspert diqqətə çatdırıb ki, terrorçunun həyat yoldaşı azərbaycanlı deyil:

 "İranda, adətən başqa ölkələrə sığınmaq istəyənlər Avropa səfirliklərinə üz tutur. Bu, həm müdafiə olunmaq, həm də mühacirətə getmək imkanı yaradır. Bəs indi niyə Azərbaycan səfirliyi seçilib? İran rejimi etirazların başlanmasından sonra “fövqəladə vəziyyət” tətbiq edib. Bu vəziyyətdə terrorçu “Kalaşnikov” avtomatını necə əldə edir və Tehranda heç bir postda saxlanılmadan səfirliyimizə yaxınlaşa bilir? Ümumiyyətlə, İranda avtomat silah əldə etmək bu qədər asandır? Terror hücumunda bütün oxlar İran rejimini göstərir. Tehranın terror aktını israrla “məişət hadisəsi” kimi göstərmək cəhdi də bu kontekstdə təsadüfi deyil".