Paşinyan hökuməti erməni cəmiyyətini sülhə hazırlamır

Ermənistan öz istəyi ilə heç bir siyasi razılaşmaya razı olmayacaq

  "Ermənistanda 3 milyona yaxın erməni yaşayır və biz Qarabağdakı ermənilər naminə əhalimizi riskə ata bilmərik". Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Qurgen Arsenyan deyib. Erməni deputatın sözlərinə görə, xalq 2021-ci ildə keçirilmiş seçkilərlə hazırkı müxalifət barəsində hökm çıxarıb: "Qarabağda baş verənləri manipulyasiya etmək sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək, bunu unudun”. Arsenyan əmin olduğunu bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması ölkəsinin milli maraqlarından irəli gəlir. O qeyd edib ki, qorxu və nifrət dolu ifadələr səsləndirməkdən çəkinmək lazımdır, çünki bu tip çıxışlar yalnız ziyan vurur. Arsenyanın açıqlamaları söz davasına səbəb olub, müxaliflər onun çıxışına imkan verməyiblər. 

  Erməni deputatın çıxışını "Şərq"ə dəyərləndirən politoloq Azər Qasımov deyib ki, Paşinyanın komandası milyarder Ruben Vardanyanın Qarabağa niyə gəldiyini yaxşı bilir. Analitik bildirib ki, Rusiyanın Vardanyanı Paşinyanın yerinə alternativ hazırladığını anlayırlar:

 "Vardanyan Qarabağdan müharibə anonsu verəndə Paşinyanın dəstəsi sülh mesajları verir. Belə çağırışlar həmişə olub. Hesab edirəm ki, bu bəyanatlar oyunun tərkib hissəsidir. Əslində nə Paşinyanın dəstəsi, nə də Vardanyan Qarabağdan vaz keçmək fikrindədir. Sadəcə vaxt qazanmaq üçün oyun oynayırlar. Guya biri razıdır, digər isə yox, beləcə prosesi uzadırlar. Paşinyan hökuməti erməni cəmiyyətini sülhə hazırlamır. Çünki sülh mesajları ardıcıl verilsə də, sonra bunun əksi davranışlar sərgilənir. Məhz buna görə də müharibədən keçən iki ildə sülh müqaviləsi bağlamaq mümkün olmur". 
  A.Qasımov hesab edir ki, Ermənistan öz istəyi ilə heç bir siyasi razılaşmaya razı olmayacaq: "Bu, sadəcə sülh məsələsi olsaydı, bəlkə çoxdan nəticə almaq olardı. Ancaq bu, Ermənistanın, erməni cəmiyyətinin və xaricdəki lobbinin "ideoloji silahı"dır. Bu "silah" erməni cəmiyyətini ayaqda və birlikdə saxlayan əsas ideologiyadır. Zənn edirlər ki, sülh bu ideologiyanın sonu olacaq. Nəticədə erməni cəmiyyəti deqradasiyaya uğrayacaq. Azərbaycan Ermənistanın bu "silahını" əlindən almalıdır".