Azərbaycan Misirlə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir

Bu ölkə Azərbaycanın müstəqilliyini dəstəkləyən ən güclü Afrika ölkələrindən biridir

“İki ölkənin əməkdaşlığının həm Misirin yerləşdiyi region, həm də Cənubi Qafqaz üçün vacib əhəmiyyəti var" 

  Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 

  Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Parlament nümayəndə heyəti Misirə rəsmi səfərə gedib. Səfər çərçivəsində spiker Sahibə Qafarova Misir Senatının və Nümayəndələr palatasının sədrləri, bu ölkənin Baş naziri və Ərəb Parlamentinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Xatırladaq ki, yanvarın 28-də Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri reallaşdı və iki ölkə arasında mühüm sənədlər imzalandı. Sisinin Azərbaycana səfəri əlamətdar hadisə olmaqla yanaşı, həm də qarşılıqlı əlaqələrin inkişafında yeni səhifənin açılmasına səbəb oldu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən, Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. 

Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir Prezidenti ilə görüşüb. Prezidentlərin bu görüşündə Azərbaycan-Misir münasibətlərinin yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib. Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib. Prezident İlham Əliyev 2007-ci il mayın 6-8-də Misirdə rəsmi səfərdə olub. Dövlətimizin başçısı səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Misir Parlamenti tərəfindən medal ilə təltif olunub. Qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim edilir. Səfər zamanı mühüm protokollar imzalanıb. 

Bundan başqa 2016-cı il noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Misirdə, 2019-cu ilin noyabrında Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Bu səfərlər zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşılıqlı əlaqələrin bugünkü inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynayıb. Hələ 2002-ci ilin oktyabrında Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Misir Prezidentinin Azərbaycana səfəri, aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını deməyə əsas verir.
  Onu da qeyd edək ki, Misirin Qahirə Siyasi və Media Dialoqu Araşdırmaları Mərkəzi Azərbaycanla bağlı geniş hesabat dərc edib. Hesabatda qeyd olunub ki, Azərbaycan və Misir müxtəlif sahələrdə geniş islahatlar həyata keçirən və böyük gələcəyə malik olan ölkələrdir: "Misir Ərəb Respublikası BMT, İƏT çərçivəsində olduğu kimi, həmin formatda da rəsmi Bakı ilə daha geniş əməkdaşlıq etmək əzmindədir. Bu siyasi iradə Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə də aydın şəkildə ifadə olundu. Hər iki ölkənin xarici siyasəti beynəlxalq və regional təşkilatların prinsip və nizamnamələrinə sadiqlik, iştirak və səmərəlilik çərçivəsində məqsədlərinə çatmaq üçün çalışmaq üzərində qurulub. Bu prinsiplərdən ən mühümü suverenlikdə bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq, habelə Birləşmiş Millətlər Təşkilatının məqsədlərini həyata keçirmək üçün səy göstərməkdən ibarətdir. Xüsusən, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi və sosial sahələrdə beynəlxalq əməkdaşlığa nail olunması Misir və Azərbaycan üçün prioritet məsələlərdir. Bu, iki ölkənin nümayəndələrinin beynəlxalq forumlarda rəsmi çıxışlarında, terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlıqda göstərdikləri səylərdə aydın görünür. 2022-ci il Azərbaycanda “Şuşa İli” oldu, Qahirə isə İslam mədəniyyətinin paytaxtı seçildi. Bu kontekstdə Qahirə və Şuşa şəhərləri müxtəlif sivilizasiyaların və mədəniyyətlərin görüş yeridir. Azərbaycan da böyük coğrafi əhəmiyyəti – dəniz limanı, enerji layihələri və nəqliyyat dəhlizləri sayəsində yalnız regional deyil, həm də qlobal miqyasda mühüm ölkə statusunu qazanır. Bu baxımdan iki dost ölkənin iqtisadi əməkdaşlığının böyük potensialı mövcuddur". 

  Politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, son dövrlər Misir-Azərbaycan əlaqələrini yüksək qiymətləndirmək lazımdır. Ekspert vurğulayıb ki, Misirin Türkiyə ilə münasibətlərini normallaşdırması fonunda Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir: 

"Həmçinin bu gün Azərbaycanın Aralıq dənizində maraqları mövcuddur. Ölkəmizin Misirlə əlaqələri yüksək səviyyəyə çatdırması əməkdaşlıq meyarlarının dərinləşməsini tələb edir. Misir Prezidenti Ə.Sisinin Azərbaycana səfərindən qısa zaman sonra Azərbaycan Milli Məclis Sədrinin Misirə səfəri, qarşılıqlı anlaşmalar iki ölkənin münasibətlərində gələcəkdə daha önəmli razılaşmalardan xəbər verir. Azərbaycanın Misirlə əməkdaşlığı mühüm əhəmiyyətə malikdir. Çünki Misir Azərbaycanın müstəqilliyini dəstəkləyən ən güclü Afrika ölkələrindən biridir. Misir daim Azərbaycanla əlaqələrin inkişafını prioritet kimi müəyyənləşdirib. Bu baxımdan iki ölkənin əməkdaşlığının həm Misirin yerləşdiyi region, həm də Cənubi Qafqaz üçün vacib əhəmiyyəti var".