Uzaq yaxın olur

Blinkenin Orta Asiya səfəri ciddi hadisədir

"Görünən odur ki, Mərkəzi Asiya ölkələri Rusiyanın təsir dairəsindən çıxmaq üçün alternativ vasitələrdən də yararlanırlar"

  ABŞ-nin dövlət katibi Entoni Blinken Qazaxıstanda səfərdədir. Blinkenlə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi arasında görüş olub. Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ dövlət katibini qəbul edib. Tərəflər iki ölkə arasında münasibətlərin səviyyəsini müzakirə ediblər. 

Tokayev ABŞ-nin Qazaxıstanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinə görə minnətdarlığını bildirib. O, Amerikanın 62 milyard dollar investisiya ilə ölkə iqtisadiyyatında ən böyük sərmayəçilərdən biri olduğunu deyib. Tokayev ABŞ-nin C5+1 formatının genişlənməsində rolunu, Mərkəzi Asiya respublikaları və ABŞ xarici işlər qurumlarının Astanada görüşünün keçirilməsinin vacibliyini vurğulayıb. Xatırladaq ki, Blinken “S5+1” (Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan, Tacikistan və ABŞ) formatında Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüşüb.  

  Amerika rəsmisinin Orta Asiya səfərini "Şərq"ə dəyərləndirən "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov xatırladıb ki, 2022-ci ilin yanvar ayının əvvəllərində Qazaxıstanda qarşıdurma yaşananda, nümayişlər baş verəndə Rusiya öz qoşunlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstana yeritdi. 

Analitikin sözlərinə görə, o vaxt rusiyalı ekspertlər KTMT qoşunlarının Qazaxıstandan çıxmayacağını, uzun müddət bölgədə qalacağını iddia edirdilər. Amma 3 gün sonra KTMT-nin hərbi qüvvələri Qazaxıstanı tərk etmək məcburiyyətində qaldı: "Çünki ABŞ və Çinin çox sərt ultimatumu oldu. Qazaxıstan Amerika üçün investisiya qoyulacaq potensial ölkələrdən sayılır. Tokayev də dedi ki, ABŞ-nin ölkədə 62 milyard dollar sərmayəsi var. Əlbəttə, Rusiyanın da Qazaxıstandakı sərmayəsi heç də az deyil, hətta daha çox ola bilər. Ancaq görünən odur ki, Mərkəzi Asiya ölkələri Rusiyanın təsir dairəsindən çıxmaq üçün alternativ vasitələrdən də yararlanırlar. Mərkəzi Asiya dövlətləri yaxınlıqdakı Çinlə yanaşı, uzaq Qərb ölkələri ilə də iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Çünki Çin yaxınlıqda olduğuna görə, öz investisiyası və yumşaq güc siyasəti ilə Mərkəzi Asiya ölkələrinə daha çox təsir imkanı qazanmış olacaq. Yəni Rusiyanın başqa bir variantı üzə çıxacaq. O baxımdan indiki məqamda ən optimal yol Qərblə əməkdaşlıqdır". 

  Ekspertin fikrincə, atılan addımlar yaxın zamanda öz nəticəsini göstərəcək: 

"Rusiyanın bölgədə nüfuzu kifayət qədər güclüdür. Moskva Mərkəzi Asiyanı əldən verməmək üçün ən sərt tədbirlərə əl ata bilər. Kremlin prioritetlərindən biri Mərkəzi Asiya regionunda möhkəmlənməkdir. 

Ona görə də hansısa formada regionu əlində saxlamağa çalışır. Xatırlayırsızsa, bir müddət öncə rusiyalı rəsmilər iddia edirdilər ki, Qazaxıstanın şimalı Rusiya torpaqlarıdır. Hətta həmin ərazini yenidən Rusiyaya qatmaq tələbləri səsləndirilirdi. Düzdür, indi vəziyyət bir qədər fərqlidir. 

Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi həm Qazaxıstan, həm də digər Mərkəzi Asiya ölkələrinin bunu fürsət kimi dəyərləndirməsinə yol açıb. Blinkenin XİN rəhbərləri ilə görüşü də region ölkələrinin Qərbə inteqrasiyasını gücləndirəcək".