Saakaşvilini xalq da unudub, Qərb də

Gürcüstanda hakimiyyətdə olanlar sabiq prezidentin fiziki ölümünə də qol çəkməyə hazırdır

  Gürcüstan Ombudsman Aparatının məsləhətçilərinin həkimi Georgi Qriqoliya deyib ki, hazırda eks-prezident Mixail Saakaşvilinin çəkisi 64 kiloqramdır. Onun sözlərinə görə, sabiq prezidentin getdikcə daha çox kilo itirməsi həyatını risk altında qoya bilər. O bildirib ki, siyasətçi arıqlamaqda davam edərsə və 55 kiloqrama düşərsə, o zaman geridönməz proseslər başlayacaq və o, yataq xəstəsi olaraq qalacaq: "Kaxeksiya güclənir. Saakaşvili ilə baş verənlər təbiidir: o, arıqlayır, əzələ və artıq sümük toxumasının məhv edilməsi prosesi gedir. Bu, adekvat müalicə almadığı üçün baş verir".

  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, Mixail Saakaşvilinin indiki acınacaqlı duruma düşməsi öz səhvidir. Analitik bildirib ki, Saakaşvili Gürcüstana qayıtmamalı idi: 

"Bilirdi ki, Gürcüstanda rusyönlü qüvvələr hakimiyyət başındadır. Yəni Saakaşvili bu riskləri götür-qoy edərək ölkəyə qayıtmalı idi. Ancaq Saakaşvili öz təşəbbüsü ilə, yəni Qərbin təlimatı olmadan ölkəsinə dönməyə qərar verdi və döndü. Ancaq problem ondadır ki, Gürcüstanda hakimiyyətdə olanlar sabiq prezidentin fiziki ölümünə də qol çəkməyə hazırdır. Saakaşvili gürcü xalqına inanaraq Gürcüstana qayıtmışdı. Gürcü xalqı isə eks-prezidenti qəbul etmədi və çox güman ki, bundan sonra da qəbul etməyəcək. Saakaşivilinin indiki vəziyyəti, səhhəti gürcüləri maraqlandırmır. Gürcü xalqı gündəlik iş-gücündədir, iqtisadi durum onlar üçün daha prioritetdir. Demək olar ki, Saakaşvili həm öz xalqı, həm də Qərb tərəfindən artıq unudulub və ölümə tərk edilib. Tbilisi hökuməti nə Avropa İttifaqından, nə də ABŞ-dən gələn tələb və təkliflərə məhəl qoymadı. Baş nazir İ.Qaribaşvili açıq formada dedi ki, Saakaşvilinin səhhəti, durumu hökumət üçün maraqlı deyil".