Simonyan "odla oynayır"

Görünür, ermənilər Putinin şilləsini yeməsələr, yuxudan ayılmayacaqlar

  Bakı ilə münasibətlərin tənzimlənməsində Moskvanın rolunu şərh edən Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib ki, Moskva digər ölkələrin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir. Simonyan bildirib ki, əlbəttə, Moskvanın rolu var, olmaya da bilməz, çünki bölgədə rus sülhməramlıları yerləşdirilib. 

Lakin buna baxmayaraq, erməni spiker hər hansı tərəf müsbət bir şey etməyə çalışanda Moskvadan gələn emosional hərəkətləri, əsəbi reaksiyaları lazımsız hesab etdiyini söyləyib: "Bu, lazım olduğundan daha emosionaldır”. Simonyan əlavə edib ki, Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır. Onun sözlərinə görə, Moskva vəziyyəti başa düşməlidir: "Ermənistanın öz maraqları və təhlükəsizliyi var və o, "geosiyasi vəziyyətə, kiminsə istəklərinə və ya qısqanclığına baxmayaraq", bunu təmin etməlidir". Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən "Ermənistan Avropa İttifaqı missiyasını bölgəyə gətirməklə yanlışlığa yol verir" cümləsini işlədib. 

  Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan Rusiyaya "müstəqil ölkə" olduğu mesajını verməyə çalışır: 

"Yəni demək istəyir ki, "bizim təhlükəsizliyimizi qoruya bilmədiniz, yaxud qorumaq istəmədiniz, biz də məcbur qalıb öz təhlükəsizliyimizi başqa yerdə axtarırıq". Əslində İrəvan tərəfi Rusiyanın emosionallığını bölgədə özünü ali statusda aparmaq və Ermənistana yuxarıdan aşağı baxmaq kimi xarakterizə edir. Həm də İrəvan bununla Moskvanın emosionallığının yersiz olduğunu, hər bir ölkənin öz təhlükəsizliyi üçün sərbəst davranmaq hüququnu bildirmək istəyib. Amma Ermənistan unudur ki, onun qarşısındakı ölkə imperialist maraqları olan, xəstə təfəkkürə malik Rusiyadır. Deyəsən, ermənilərin Ukraynada baş verənlərdən xəbərləri yoxdur. 

İrəvan öz istəyini elə tərzdə deyib ki, sanki Ermənistanın mövqeyinin Rusiya üçün bir əhəmiyyəti var. Elə zənn edirlər ki, Moskva İrəvanın aldığı qərarları qəbul edərək, onlara hörmət göstərəcək. Emosionallıqdan danışmaq isə verilən bəyanatın ən pik və gülməli tərəfidir. Rusiya heç bir səbəb olmadan Ukraynada bir ildən çoxdur ki, hər cür vəhşilikləri edir. Dinc sakin, uşaq, böyük, yaşayış massivi demədən qış ayında bombalayır, raket atəşinə tutur. 

Erməni spiker isə emosionallıqdan, hansısa hüquq və təminatdan danışır. Görünür, ermənilər Putinin şilləsini yeməsələr, yuxudan ayılmayacaqlar. Öz nağıl dünyalarında qalacaqlar. Belə davam etsələr, Putindən öncə Azərbaycanın şilləsini görəcəklər. Bəlkə onda ağılları başlarına gələr".