2 il boşuna getdi:Moskva ciddi təşviş içindədir


Paşinyanın Rusiyaya etibar etməyərək Qərbə meyillənməsi regionda yeni situasiya yarada bilər

  Ermənistan və Azərbaycan arasında məsələlərin həlli Rusiyanın sülh təşəbbüsləri ilə həyata keçəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O həmçinin Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq kimi qiymətləndirib: “Bu cəhdlər problemin həllinə deyil, tamam başqa məqsədlərə hesablanıb. İndi Qərb daha da fəallaşıb”. 

  Rusiya XİN sözçüsü xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır: "Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və ora daha yaxşı hala gəlib". Xatırladaq ki, ötən gün Bakıda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov da "Aİ-nin missiyasının bölgəyə gəlməsinin yolverilməz" olduğunu demişdi. Ondan öncə isə xarici işlər nazirinin müavini "İrəvan-Bakı arasındakı danışıqları rəqabətə, yarışa çevirmək olmaz" deyə açıqlama vermişdi. 

  Rusiyanın Qərblə bağlı təşvişini "Şərq"ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev bildirib ki, Ermənistan-Azərbaycan arasında danışıqlar Rusiyanın vasitəçiliyi ilə 2 ildən artıqdır davam edir. Lakin bu müddət ərzində demək olar ki, heç bir irəliləyiş əldə olunmayıb. Ermənistan isə Qərbi qarant qismində Azərbaycanla sərhədə gətirib: 

"Qərbin jandermeriya və hərbi ekspertlərinin sərhəd bölgəsində yerləşməsi, Qərb ölkələrinin Cənubi Qafqazda böyük hərbi ekspert heyəti ilə təmsil olunması Rusiyanın narahatlığına səbəb olub. Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı səsləndirdiyi bəyanatlarda bu narahatlıq qabarıq göründü. Lavrovun Bakıya gəlişi Qərbin bölgədə aktivləşməsi fonunda baş verirsə, deməli, Moskva ciddi təşviş içindədir. Kreml hadisələrə müdaxilə etmək niyyətini də gizlətmir. Lakin Ukrayna bataqlığına düşmüş Rusiya hələ ən azı bir il bölgə ilə ciddi şəkildə məşğul ola bilməyəcək".

  V.Əfəndiyev vurğulayıb ki, Moskva çalışır ki, mövcud "status-kvo" qorunub saxlanılsın:

 "Rusiya Qafqazda dominantlıq etmək niyyətindədir. Amma Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya etibar etməyərək Qərbə meyillənməsi regionda yeni situasiya yarada bilər. Düşünürəm ki, Azərbaycan Qərblə təmasları daha da artırmalıdır. Lavrovun “Qərbin ayağı dəydiyi yerlərdə əmin-amanlıq olmayıb” iddiası, əslində, Rusiyanın mənafeyinə daha çox uyğundur. Sirr deyil ki, indiyə qədər Rusiyanın vasitəçiliyi ilə heç bir münaqişə həllini tapmayıb. Qarşımızda Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Qarabağ və Krım nümunələri var".