İran PUA-ları müharibənin gedişinə təsir etmədi


Rusiyanın Çindən hərbi texnika almaq cəhdləri isə real nəticələrdən uzaqdır


  Rusiya-Ukrayna savaşında aktual müzakirə predmetindən biri də İran PUA-ları ilə bağlıdır. Ötən gün Ukrayna Müdafiə Nazirliyi bir gecədə atılan İran istehsalı olan "Şahed" 14 pilotsuz uçuş aparatından 11-ni vurduğunu bildirib. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhii Popko deyib ki, onlardan 9-u Kiyev hava məkanı yaxınlığında vurulub. Böyük Britaniyanın Kəşfiyyat Xidməti iddia edib ki, Rusiyanın PUA ilə hücum tempində ciddi azalma var və görünür, Rusiyanın hazırkı ehtiyatı tükənir: "Rusiya çox güman ki, PUA-ların yeni tədarükünə çalışacaq. "Şahed" PUA-larının Rusiyanın Bryansk vilayətindən buraxılması ehtimalı yüksəkdir. 2022-ci il dekabrın ortalarından bəri müşahidə edilən buraxılış sahəsi Krasnodar bölgəsindən, Azov dənizinin digər tərəfindən olub. Bu yeni buraxılış istiqaməti ruslara Kiyevə daha yaxın olan fərqli hücum oxu verəcək.

Bu, çox güman ki, Ukrayna üzərində havada uçuş vaxtını azaldacaq və Ukraynanın hava hücumundan müdafiəsini daha tez yarmaq məqsədi daşıyır". Məlumat üçün deyək ki, Rusiyanın istifadə etdiyi iki növ İran istehsalı pilotsuz təyyarələr var. “Shahed-136”-lar nisbətən böyük və ucuz kamikadze dronlardır. Bu dronlar uçuşdan əvvəl daxil edilən GPS koordinatı ilə təyinat yerinə çatırlar. Bunlar Rusiyanın Ukraynada ən çox istifadə etdiyi modellərdir. Digər model isə "Mühacir-6"-dır. İran PUA-ları tam müasir və geniş imkanlara malik vasitələr olmasalar da, istənilən halda döyüş tətbiqi üçün yararlı hesab olunur və zərbə funksiyalarını yerinə yetirə bilir. Ekspertlərə görə, PUA və raketlərin Rusiyaya verilməsi İrana qarşı ABŞ sanksiyalarını daha da gücləndirə bilər.

  Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bildirib ki, müasir savaş modelində, taktika və strategiyasında PUA-ların əhəmiyyəti olduqca yüksəkdir. Onun sözlərinə görə, bu silah növü, xüsusilə də, klassik savaş modelindən uzaqlaşa bilməmiş ölkələrin ordularına qarşı effektivdir:

 "Rusiya da PUA-lara qarşı müdafiəsiz ölkələr sırasına daxildir. Hər halda Rusiya PUA-ların istehsalı sahəsində elə bir ciddi irəliləyişə nail ola bilməyib. Ona görə də Rusiya ordusu hazırda daha çox İran PUA-larının ümidinə qalıb. İran PUA-ları isə müasir standartlara tam cavab vermir, yüksək döyüş qabiliyyətindən uzaqdır. Üstəlik, İranın Rusiyaya verdiyi PUA-ların sayı da olduqca məhduddur, Rusiya ordusunun ehtiyaclarını tam ödəyə bilmir. Ümumiyyətlə, İranın Rusiyanı müasir savaş standartlarına uyğun hərbi texnika ilə silahlandırmaq imkanları Kreml üçün qətiyyən ümidverici deyil. Ona görə də Kreml Rusiya ordusu üçün əlavə silah-sursat, hərbi texnika tədarükçüsü axtarmaq məcburiyyətindədir. Hazırda Rusiya üçün yeni hərbi texnika tədarükçüsü rolunda Çin çıxış edə bilər. Hələlik, rəsmi Pekin Ukrayna savaşına birbaşa müdaxilə etməyə, Rusiyaya açıq şəkildə hərbi texnika satmağa xüsusi həvəs göstərmir. Ancaq Çin Ukrayna savaşı ucbatından kifayət qədər sarsıdıcı iqtisadi zərbələr almaqdadır. Ona görə də rəsmi Pekin Ukrayna savaşının mümkün qədər tez bir zamanda bitməsində maraqlıdır". 
 
 E.Xalidbəyli diqqətə çatdırıb ki, Çinin Ukrayna savaşını dayandırmaq üçün sülh danışıqlarının şərtlərini hazırlayıb, rəsmən təqdim etməsi qətiyyən təsadüfi deyil: 

"Hələlik rəsmi Pekin Ukrayna savaşının sülh danışıqları ilə yekunlaşdırılması variantına üstünlük verir. Ancaq ABŞ və Qərb Çinin təklif etdiyi sülh şərtlərini dərhal hədəfə aldı, qəbuledilməz elan etdi. Belə vəziyyətdə Çinin ikinci alternativ varianta yönəlmək məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil. Çin Rusiyanın hərbi texnika, o cümlədən də, PUA-larla təmin edilməsinə qərar verə bilər. Çünki rəsmi Pekin sülh danışıqları bloklanacağı təqdirdə, Rusiyanın hərbi qələbəsinə üstünlük verəcəyinə yönəlik eyhamlar vurmağa başlayıb. Rusiyanın hərbi qələbəsi də Ukrayna savaşının daha tez bir zamanda sona çatmasına səbəb ola bilər. Bu isə Çinin maraqlarına tamamilə cavab verir. Ancaq rəsmi Pekinin nə vaxt belə bir radikal addımlar atmağa hazır ola biləcəyi hələlik müəmmalı xarakter daşıyır. 

Hər halda rəsmi Pekinin Rusiyaya hərbi dəstək verməyə başlayacağı təqdirdə, ABŞ və Qərbin dərhal Çini hədəfə alacaqları qətiyyən şübhə doğurmur. Rəsmi Pekin isə ABŞ və Qərb ilə hərbi münaqişəyə cəlb olunmaq təhlükəsindən mümkün qədər yayınmağa çalışır. Və bu baxımdan, Rusiyanın Çindən hərbi texnika almaq cəhdləri real nəticələrdən bir qədər uzaqdır".