Brüssel artıq təşəbbüsü ələ alıb

Moskvanın bugünkü problemləri ilə ona mane olması və ya təşəbbüsü yenidən öz əlində cəmləməsi qeyri-mümkündür

  “Avropa İttifaqının missiyasını dəvət etmək Ermənistanın beynəlxalq münasibətlərin subyekti kimi suveren hüququdur. Lakin burada əsas məsələ, Ermənistanın bu addımının nəyə gətirib çıxacaracağıdır”. Bunu Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, siyasi ekspert Dmitri Solonnikov bildirib. Onun sözlərinə görə, bu, Ermənistanı Rusiyadan qoparmaq siyasətinin davamıdır: “Heç kəsə sirr deyil ki, Paşinyan ABŞ-dən maliyyələşən QHT-lərin köməyi ilə hakimiyyətə gəlib. Bunlar Soros fondu və digər təşkilatlardır. Bu maliyyəçilər əvvəlcədən qarşılarına Ermənistanı beynəlxalq münasibətlərin Rusiyayönümlü spektorundan Amerikayönlü spektoruna çevirmək vəzifəsini qoyublar. Bu proses tədricən həyata keçirilir".

Analitik qeyd edib ki, bir neçə müddətdir Paşinyanın əli ilə Ermənistanın üzünü Rusiyadan çeviriblər: "Ölkədə daim anti-Rusiya təbliğatı aparılır, anti-Rusiya informasiya kanalları yaradılır. İnsanların şüur altında Rusiyanın düşmən obrazı yaradılır. Avropa İttifaqının missiyasının dəvət olunması texnoloji addımdır. Avropa İttifaqı nə deməkdir? Bu hərbi planda NATO-ya söykənən siyasi təşkilatdır. Əgər Rusiya sülhməramlısı olmasa, Ermənistan üçün Cənubi Qafqazda gərginləşəcək münaqişə daha çətin olacaq. Bunun Ermənistan üçün gözlənilməz nəticələri olacaq. Həm Qarabağ, həm də Zəngəzur dəhlizi nöqteyi-nəzərindən Ermənistan üçün nəticəsi pis ola bilər. Lakin buna baxmayaraq, Ermənistan bu yolda irəliləyir". Solonnikov bu əhval-ruhiyyənin Ermənistanda daha da güclənəcəyini qeyd edib: "Avropa İttifaqının vasitəçi kimi aparacağı bütün danışıqlar yeni qanlı prosesi təşkil etməkdir. Paşinyanı hakimiyyətə gətirənlərin ona verdiyi tapşırıq məhz bundan ibarətdir. Təəssüflər olsun ki, Ukrayna nümunəsi heç nə öyrətmir”. 

  Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın Cənubi Qafqazı əldən vermək istəməməsi və bu istəklərinə ənənəvi forpostu olan Ermənistanın dirəniş göstərməsi Moskvanı qıcıqlandırıb: "Bu, başadüşüləndir. Ermənistanın indiki hakimiyyətinin Rusiyanın maraqlarına zidd siyasət yürütməsi isə yaranmaqda olan yeni dünya düzəninə uymaqla bağlıdır. Bu siyasət dünyanın yarıdan çoxunun düşməni olan Rusiyadan mümkün qədər uzaqlaşmaq istəklərindən doğur. İnsafən, bu siyasət təkcə Ermənistan üçün deyil, bütün Qafqaz ölkələri üçün faydalıdır. Qərbin, ABŞ-nin İrəvanı fəal müdafiə etməsi regionda ən zəif həlqə olmasına baxmayaraq, Ermənistana belə bir siyasət yürütmək şansı verir. Rusiyanın ittihamlarına gəlincə, hesab edirəm ki, bu açıqlamaların real təhlükəyə çevrilməsi hələlik qeyri-mümkündür. Ən azı ona görə ki, hiyləgərlikləri ilə ad çıxarmış ermənilərin Rusiyadan birdən-birə, ölçüb-biçmədən üz döndərməsini düşünmək sadəlövhlük olardı. Onlar və Qərb partnyorları şübhəsiz ki, Rusiyanın indiki durumunu nəzərə alıb bu cür aydın gedişlər edirlər". 
  H.Rüstəmov vurğulayıb ki, Rusiya özünün uzunmüddətli region ölkələrinə kölə kimi yaxınlaşmaq siyasəti ilə hamını bezdirib: "Onsuz da keçmiş postsovet ölkələrinin hamısı Rusiyadan birdəfəlik can qurtarmaq üçün fürsət gözləyirlər. Azərbaycan-Ermənistan danışıqlarına isə bu məsələ düşünürəm ki, müsbət təsir edəcək. Brüssel artıq bu məsələdə təşəbbüsü ələ alıb və Moskvanın bugünkü problemləri ilə ona mane olması və ya təşəbbüsü yenidən öz əlində cəmləməsi qeyri-mümkündür".