İki səfirin görüşü bəzi mətləblərdən xəbər verir


Bölgədə problemlərin varlığı və həllinin uzanması elə Rusiya və İranın siyasəti ilə bağlıdır

  "Məlum səbəblərə görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Bakıda bir çox tədbirə dəvət olunmur, rəsmi görüşləri də yox dərəcəsindədir". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Prezidentin köməkçisi Hikmət Hacıyev ara-sıra səfirlə görüşüb fikir mübadiləsi aparırdı. Ancaq Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan sonra bu görüşlərə də ara verilib: 

"İki ölkə arasında gərginliyə görə İran ilk dəfə bu il Bakıda inqilabın 44-ci ildönümünü keçirə bilmədi. Keçirsəydi belə, rəsmi və vətəndaş cəmiyyəti səviyyəsində iştirak olmayacaqdı. Ukrayna müharibəsinə görə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da Bakıda bir çox ölkənin müstəqillik günü tədbirlərinə dəvət olunmur. Bu vəziyyətdə qalan iki səfir öz aralarında görüşməyə qərar veriblər. Yayılan məlumatda Seyid Abbas Musəvinin Mixail Boçarnikovla Cənubi Qafqaz regionunda baş verən son hadisələri, “3+3” təşəbbüsünü, eləcə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, eyni zamanda Şimal-Cənub dəhlizini müzakirə ediblər. Bu, aysberqin görünən tərəfidir. Hər iki səfir paytaxtlarından təlimat alıblar ki, “Sizin görüşünüz çalışdığınız ölkəyə və Qərbə mesaj olacaq ki, Rusiya və İranın iştirakı olmadan bölgənin problemlərini həll etmək mümkün deyil”. 
  Ekspert qeyd edib ki, bölgədə problemlərin varlığı və həllinin uzanması elə Rusiya və İranın siyasəti ilə bağlıdır: "Rusiya erməni separatizmini idarə edir. İran isə Ermənistana Zəngəzur dəhlizini bağlı saxlamağı məsləhət görür. Rusiya və İran nə qədər müqavimət göstərsələr də, Türkiyənın, Avropa İttifaqının və ABŞ-nin Cənubi Qafqazda artan fəallıqlarına mane ola bilmirlər. ABŞ-nin Azərbaycanda müvəqqəti işlər vəkili Qevara İranla sərhədi - Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət etməklə Tehrana bir başqa mesajı göndərib".