Pentaqonun iddiaları realdır

İran atom silahına sahib olmaq istəyir və bütün beynəlxalq hüquq normalarını növbəti dəfə kobud formada tapdalayır

  ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalın deyib ki, İran 12 günə bir nüvə bombası üçün material hazırlaya bilər. Onun sözlərinə görə, İrana bir nüvə bombası üçün material hazırlamağa təxminən 12 gün lazım olacaq: "2018-ci ildə əvvəlki administrasiya İranla nüvə sazişindən çıxmaq qərarına gələndə, bir parçalana bilən bomba hazırlamaq üçün Tehrana təxminən 12 ay lazım idi. İndi təxminən 12 gün lazımdır”. 

  Politoloq Tural İsmayılov "Şərq"ə bildirib ki, İranın nüvə zənginləşdirilməsi üzrə sazişdən imtina etməsindən sonra ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bu iddiası real hesab olunmalıdır: 

"Nəzərə alaq ki, heç bir formada əsası olmayan məsələdə İranın nüvə və hərbi potensialını şişirtmək Qərbin informasiya savaşında mövqelərini möhkəmləndirmir. O baxımdan bu sahədə Pentaqonun iddialarına inanmalıyıq. İran uzun müddətdir müxtəlif bəhanələr gətirərək qlobal aləmdə nüvə zənginləşdirilməsi ilə bağlı danışıqlarda hansısa irəliləyişin əldə olunmasına mane olub. 

İran ölkə daxilində baş verən etirazlar fonunda daha radikal qərarlar alıb. Aqressiv qərarlar içində nüvənin zənginləşdirilməsi məsələsi də yer almaqdadır. İran atom silahına sahib olmaq istəyir və bütün beynəlxalq hüquq normalarını növbəti dəfə kobud formada tapdalayır. Ancaq hesab edirəm ki, İran hətta son raunda qədər getsə belə, Tehranın bu təşəbbüsünün qarşısı alınacaq. 

ABŞ və İsrail heç vaxt İranın atom silahına sahib olmasına imkan verməyəcək. Hətta İran prosesi israrla davam etdirərsə, danışıqlardan qaçarsa, hərbi əməliyyatlar da başalaya bilər".