Özbəkistanla strateji münasibətlər daha da dərinləşir


2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 64 faiz artıb


  "Mütəmadi görüşlərimiz Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığına tamamilə yeni məzmun gətirib". Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib. Özbəkistan rəhbəri bildirib ki, ikitərəfli münasibətlərdə böyük sıçrayış var: "Real nəticələr var və yəqin ki, bizim hər bir görüşümüz münasibətlərimizə, razılaşmalarımıza impuls verir. Düşünürəm ki, bizim ciddi nəzarət edəcəyimiz komandalarımız hər şeyi vaxtında yerinə yetirəcək. Siz artıq komandalarımızın intensiv görüşlərini qeyd etdiniz. 

Ötən ilin dekabrında bizim Baş nazirin mavini Xocayevlə görüşlər olub. Bu yaxınlarda mən Mikayıl Cabbarovu qəbul etmişəm. Biz çox uzun müddət danışdıq və bütün məsələləri müzakirə etdik. Bu, bizim münasibətlərimizin nəticəsidir ki, regionlar görüşür və belə işgüzar forumun keçirilməsi çox şeydən xəbər verir. Siz indi yeni layihələri qeyd etdiniz, sanki sadəcə görüşdük, amma buna çox ciddi hazırlaşırdıq. Layihələr 800 milyon dollar dəyərindədir. İlham Heydər oğlu, bu, onu göstərir ki, əslində, bizim nəhəng potensialımız var”. 

Şavkat Mirziyoyev vurğulayıb ki, tezliklə avtomobil istehsalı üzrə ciddi nəticələr olacaq: 

"Bu, martda istehsalına başlanılacaq 3 min və sentyabrda buraxılacaq 7 min yeni marka avtomobillərdir. Bu, tamamilə başqa markadır, ayrı keyfiyyətdir. İkincisi, biz pambıq klasteri haqqında razılığa gəlmişik. Bizim hər iki komandamız artıq razılaşıb. Bunun üçün torpaq sahələri ayrılıb. Düşünürəm ki, biz burada danışdığımız nəticələri əldə edə bilərik. Bizdə ipəkçilikdə çoxlu problemlər var idi, lakin fikirləşirəm ki, onlar çox yaxşı həll olunur. Bizim ipəkçilik müəssisələrinin rəhbərləri mənə məruzə edirlər ki, onlar öz evlərində işləyirlər, deyirlər bizim üçün evdə bütün şərait yaradılıb. Biz məruzə etmişik ki, maşınqayırmada, həmçinin bütün məsələlər, preferensiyalar, parlament səviyyəsində həll olunur. Bu artıq onu göstərir ki, perspektivdə bizim bu sahələrdə də çoxlu birgə layihələrimiz olacaq. Neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayırıq. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və düşünürəm ki, bu proses tədricən inkişaf etdiriləcək". 

  Millət vəkili Vüqar Bayramov deyib ki, son illər tərəflər arasında strateji münasibətlərin daha dərinləşməsi müşahidə olunur. Parlament üzvü vurğulayıb ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 64 faiz artaraq 111 milyon 903 min dollardan 183 milyon 307 min dollaradək yüksəlib: 

"2020-ci il ilə müqayisədə isə ticarət dövriyyəmiz 2 dəfədən çox artıb. Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın digər, çox fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb. Özbəkistan müasir standartlara uyğun olaraq Füzuli şəhərində orta məktəb inşaatını tamamlamaq üzrədir. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. Bu baxımdan, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də münasibətlərimizin daha da dərinləşməsinə töhfə verəcək".