Ərdoğanın şansları daha yüksək görünür 


Seçkilərə qədər gözlənilməz hadisə olmazsa, mübarizə 

Kamal bəy və Ərdoğan arasında gedəcək

"Altılı masa" artıq millət iradəsini qərarlarında əksetdirmə qabiliyyətini itirib


  Türkiyədə 14 may tarixinə təyin edilmiş prezident və parlament seçkisi öncəsi maraqlı proseslər yaşanmaqdadır. Müxalifət cinahı sayılan və altı partiyanın yer aldığı "Altılı masa"nın martın 2-də keçirilən toplantısında vahid namizədin müəyyən ediləcəyi açıqlanmışdı. Lakin "Altılı masa"nın 12-ci görüşündən də nəticə hasil olmadı və namizəd elan edilmədi. Yazılı bəyanatda vahid namizədin adının martın 6-da açıqlanacağı qeyd olunmuşdu. Lakin İYİ Partiya sədri Meral Akşenerin mətbuat konfransında "Altılı masa" ilə bağlı səsləndirdiyi fikirlər gözləntiləri alt-üst etdi. Akşener İYİ Partiyanın dalana dirəndiyini, məcburiyyət qarşısında qoyulduğunu, "ölümlə malyariya arasında seçim zorunda" buraxıldığını bildirdi: "Buna boyun əyməyəcəyik. Pencəyimi assam, namizəd edərəm" deyənlərin qarşısında dim-dik dururuq, durmağa davam edəcəyik. Üzülərək söyləyirəm ki, "Altılı masa" artıq millət iradəsini qərarlarında əksetdirmə qabiliyyətini itirib. 5 partiya Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun namizəd olmasını istəyir, biz isə Ankara bələdiyyə sədri Mansur Yavaşın və İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun namizəd olmasını arzulayırıq. Şəxsi maraqlar, birilərinin sadəcə öz mənafeyini güdməsi Türkiyəni pis vəziyyətə salmaqdadır. Masa "notarius" vəzifəsini icra etməkdə və bizdən də bu, tələb olunmaqdadır. Ancaq biz millətə söz verdik". İYİ Partiyanın sədir İmamoğlu və Yavaşa da çağırış edib: "Vəzifənizi layiqincə yerinə yetirdiniz, millət sizi sevdi, indi də sizi vəzifə başına çağırır". Xatırladaq ki, bundan öncə Əkrəm İmamoğlu prezident seçkilərində namizədliyinin irəli sürülməsi təkliflərinə münasibət bildirmişdi. İmamoğlu onun namizədliyi məsələsinin gündəmdə olmadığını demişdi: “Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur. Bütün CHP-lilərin namizədi başqandır. Mənim namizədim də başqandır”. Bəzi ekspertlər bunu Akşenerin "Altılı masa”dan tamamilə ayrılması kimi şərh etsə də, yekun qərarın daha sonra veriləcəyi vurğulanıb. Qeyd edək ki, masada fikir ayrılıqları uzun zamandır gündəmdə idi. Xüsusilə namizəd olmaq istəyən Kılıçdaroğluna qarşı Akşenerin ciddi dirənişi açıq-aşkar görünürdü. O baxımdan analitiklər düşünür ki, hazırda müxalif cinahda yaşanan olaylar "Cümhur İttifaqı"nın və onların vahid namizədi, indiki Prezident Rəcəb Tayyib Ərdoğanın xeyrinədir. Çünki "Altılı masa"da baş verənlər seçicilər arasında “6 adam öz aralarında seçim edə bilmirlər, ölkəni necə idarə edəcəklər” rəyini gücləndirir. 
  
Politoloq Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında bildirib ki, müxalifətin vahid namizədi CHP lideri Kalam Kılıçdaroğlu olacaq. Lakin İYİ Partiyanın sədri Meral Akşener Kamal Kılıçdaroğlunun namizədliyinə birmənalı qarşıdır: 

"Qeyd edim ki, "Altılı masa"nın əsas namizədləri blokun flaqmanı olan CHP üzvləridir. Bunlar CHP sədri Kamal Kılıçdaroğlu, İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaşdır. Əsas namizəd isə Kamal Kılıçdaroğludur. Kılıçdaroğlu isə Ərdoğan qarşısında zəif fiqurdur. Mühafizəkar camiəyə yaxın İmamoğlu və ya sağ millətçi kəsimə yaxın, Ankarada bələdiyyə sədri kimi ciddi nüfuz qazanmış M.Yavaş daha ciddi alternativ ola bilər. 6 martda yəqin ki, Kamal bəyin namizədliyi təsdiq ediləcək. Lakin son anda Mansur Yavaş, Əli Babacan və yaxud Əhməd Davudoğlunun da namizədliyi irəli sürülə bilər. Düşünürəm ki, yekunda Kılıcdaroğlunun namizədliyi üstündə dayanacaqlar. Seçkilərə qədər daha ciddi gözlənilməz hadisə olmazsa, mübarizə Kamal bəy və Ərdoğan arasında gedəcək. Ərdoğanın şansları daha yüksək görünür".