İrəvana, Zəngəzura qayıdış qısa müddətdə olacaq


Qərbi Azərbaycanda 20 minə yaxın ailəyə dəymiş ziyan sənədləşdirilib


 "Zəfərə gedən 27 illik yoldan fərqli olaraq, İrəvana, Zəngəzura qayıdışımız daha qısa müddət ərzində ola bilər". Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc komitənin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib. Deputat qeyd edib ki, əminliklə demək olar ki, 8 Noyabr Zəfəri ilə azad olunan torpaqlarımız bütün dövrlərin köçkünlük həyatına son qoyacaq: "Eyni zamanda Qərbi Azərbaycan İcması gələcəkdə genişlənərək, bütövlüklə ölkəmizin etnik milli zənginliyini özündə əks etdirəcək". Deputat qeyd edib ki, Qərbi Azərbaycanın hüquqi statusu üçün icmanın XİN tərəfindən müvafiq dəstəyə ehtiyac var: "İndi Qərbi Azərbaycan məfkurəsinin dirçəlişinə ehtiyac var. Ermənistana qarşı beynəlxalq məhkəmələrdə mülki iddialar qaldırılmalıdır. BMT qətnamələrinin ordumuz tərəfindən yerinə yetirilməsinə baxmayaraq, 27 il ərzində ölkəmizi bütün beynəlxalq platformalarda haqlı göstərən akt idi, bunu unutmaq olmaz. Həmçinin dərslik və təhsil sistemimiz İrəvana və Göyçəyə yenidən tarixi baxış keçirməlidir”.

  Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli deyib ki, artıq Qərbi Azərbaycanda 237 kəndin siyahıya alınması tam yekunlaşıb, bir neçə aya bu siyahıyaalınma başa çatacaq: "Eyni zamanda 20 minə yaxın ailənin sənədləri toplanıb, həmin ailələrə dəymiş ziyan sənədləşdirilib".

"Qərbi Azərbaycana qayıdışa milli və dövlət mövqeyindən yanaşmaq lazımdır"

  Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Qərbi Azərbaycana qayıdışa milli və dövlət mövqeyindən yanaşmaq lazımdır: "Qərbi Azərbaycana qayıdış məsələsinin məhz indiki zamanda qaldırılması Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıq kontekstini ehtiva edir və yerinə düşür". X.Xələfov deyib ki, bu qayıdış uzun illərdən bəri tək Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın deyil, bütün Azərbaycan xalqının arzusu və milli hədəfidir: “Bu məsələdə populizmə yol vermək olmaz, bu məsələyə milli və dövlət mövqeyindən yanaşmaq lazımdır. Qərbi Azərbaycan icmasının potensialı çox böyükdür. Bu potensial imkan verir ki, Prezidentin irəli sürdüyü Qayıdış Konsepsiyasını yerinə yetirək. Konsepsiya sənədi XİN-in BMT-dəki daimi nümayəndəliyi vasitəsilə BMT-də rəsmi sənəd kimi yayılıb. Sənəddə zorla öz yurdlarından qovulan vətəndaşlarımızın hüquqlarının bərpası öz əksini tapıb".

"Qərbi Azərbaycan məsələsi Ermənistanla sülh gündəliyinin tərkib hissəsi olmalıdır"

  XİN rəhbərinin müavini bəyan edib ki, Qərbi Azərbaycan məsələsi Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin tərkib hissələrindən biri olmalıdır: "Qərbi azərbaycanlıların həmin ərazilərə qayıtması könüllüdür və onların həmin ərazilərə qayıdanda təhlükəsizlik və sosial-iqtisadi təminatı yerinə yetirilməlidir. Ermənistan bu məsələləri könüllü olaraq üzərinə götürməli və həll etməlidir. Bu, xalqımız üçün bir humanitar faciədir. Bu baxımdan icmanın üzərinə çox böyük məsuliyyət düşür. Digər tərəfdən, Azərbaycan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan məsələsini bir xarici siyasət məsələsi kimi aparması çox incə məsələdir. Bu, asan məsələ deyil. Elə məsələlər var ki, o, ictimai məsələdir və cəmiyyətin üzərinə düşür".

Qərbi Azərbaycan İcması barədə qanunun qəbulu təklif edilib

  Millət vəkili Fazil Mustafa Qərbi Azərbaycan İcması barədə qanun qəbul edilməsini istəyib. Deputat bildirib ki, beynəlxalq arenada bu işin təbliğatı aparılır, amma biz yaxın tarixin hüquqi probleminin üzərindən çıxış etməliyik: “Qarabağı ordumuzun və diplomatiyamızın gücü ilə, eyni zamanda hüquqi əsasla azad etmişik. İndi Ermənistanla hüquq zəminində mübarizəni açıq və şəffaf formada aparmalıyıq. Qərbi Azərbaycan məsələsində hüdudu məhdudlaşdırmalı, daha konkret məsələlərə köklənməliyik".