Rusiya və Ermənistan arasında ciddi bir gərginlik yoxdur

Olsa belə, bu, görüntü naminə, aldadıcı manevrlərdir

 Hindistanda Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar olub. Nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib. Məlumatda vurğulanıb ki, danışıqlar dostluq və etimad mühitində keçib. Gələcək diplomatik təmaslar barədə razılıq əldə olunub. Son günlər Rusiya-Ermənistan arasında gərginlik açıq-aşkar müşahidə olunur. İki ölkənin rəsmiləri qarşılıqlı şəkildə bir-birini ittiham edirlər. Bəzi ekspertlər baş verənləri İrəvan-Moskva münasibətlərinin hədsiz korlanması kimi dəyərləndirir. O baxımdan XİN rəhbərlərinin görüşünün aradakı buzları nisbətən əridə biləcəyi ehtimal olunur.
  Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə deyib ki, Ermənistan zaman-zaman buna cəhd göstərsə də, Rusiyanın təsir orbitindən çıxa bilməyib, bəlkə də heç çıxmaq istəməyib: "Lakin Paşinyan hökuməti bir qədər Qərbə üz tutdu və bu da Rusiyanı qəzəbləndirdi. Ancaq Ermənistan onu da anlayır ki, Qərbə üz tutma prosesi birdən-birə və bu tezliklə baş tuta bilməz. Əks halda, Ermənistanı da Gürcüstanın, Paşinyanı da Saakaşvilinin aqibəti gözləyə bilər. Hətta Ermənistan Qərbə doğru özbaşına əhəmiyyətli qərar qəbul edərsə, onun aqibəti Ukraynanın aqibəti kimi də olar. Odur ki, Ermənistan iki addım Qərbə doğru atanda, bir addım da Rusiyaya doğru atır. Ələlxüsus da, Azərbaycanla Ermənistanın münasibətlərinin nizamlanmasında Rusiyanın rolu var. Rusiyadan biryolluq imtina diplomatik baxımdan da doğru deyil. Hesab edirəm ki, Rusiya və Ermənistan arasında ciddi bir gərginlik yoxdur. Olsa belə, bu, görüntü naminə, aldadıcı manevrlərdir. Rusiyanın Zəngəzur dəhlizinin açılmasında marağı var. Ona görə Rusiya da Ermənistanı tərk etməz".