Vardanyan əvvəlkitək təhlükə mənbəyidir

Onun maliyyəsiylə bölgəyə silah və sursat daşınması istisna deyil

  "“Dövlət naziri” vəzifəsindən uzaqlaşdırılan Ruben Vardanyan Qarabağı tərk etmək istəmir, əksinə, “Bizim dağlar” adında fond təsis edərək işğal altındakı ərazilərimizdə fəaliyyətini genişləndirməyi planlaşdırır". 
  Bu barədə "Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, R.Vardanyan Azərbaycana qarşı mübarizəsini davam etdirəcəyini bildirib: "Qarabağda sosial sahəyə, təhsilə və mülki müdafiə sisteminin təkmilləşməsinə dəstək verəcəyini söyləyən Ruben Vardanyan bölgəyə gəldiyi gündən bu yana haqqında danışdığı çalışmalara 4 milyon dollar xərcləyib. 
  Beləliklə, Ruben Vardanyan yenidən hamıya mesaj verib ki, o, Qarabağda müxtəlif layihələri reallaşdırmaqda davam edəcək. Separatçıların bir qismi Vardanyana rəqib kimi baxmaqla yanaşı, onun maliyyəsindən və əlaqələrindən ehtiyat edir. Ancaq bu qorxu separatçılara Vardanyanın bölgəni tərkinə kifayət edəcəkmi? Ruben Vardanyan Azərbaycana əvvəlkitək təhlükə mənbəyidir. Onun maliyyəsiylə bölgəyə silah və sursat daşınması istisna deyil. Üstəgəl, Ruben Vardanyan dünyanın müxtəlif ölkələrində yaşayan imkanlı ermənilərdən bir qismini bölgədə yerləşməyə dəvət edə bilər".