Naxçıvan Türkiyənin qarantı altındadır



İranın sərhəddə hərbi qüvvələri cəmləşdirməsi ilk növbədə təbliğat məqsədlidir

Toğrul İsmayıl: “Sanksiyalar altında əzilən İranın mövcud hərbi durumla, Qərbin təzyiqləri fonunda Azərbaycanla müharibəyə başlaması İranın tarımar olmasına gətirib çıxarar”


  İran Naxçıvanla sərhədə hərbi texnika yığır. Məlumata görə, İran hökuməti Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərinə çox sayda silah-sursat, 280-300 ədəd hərbi maşın toplayıb. Sərhəd yaxınlığına minə yaxın hərbçinin yerləşdirildiyi bildirilib. İran ordusunun Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşdığı deyilir. İran sanki Ermənistanın “ərazi bütövlüyünü” qorumaq üçün bütün məsuliyyəti öz üzərinə götürüb. 30 il Azərbaycan ərazilərinin işğalda qalmasına görə Ermənistanı təhdid etməyən SEPAH rəsmi Teleqram səhifəsində yenə Azərbaycanı hədələyib. Yayılan videogörüntülərdə Ermənistanın xəritəsini rəngləyən SEPAH müttəfiqləri ermənilərə görə Azərbaycana barmaq silkələyib. SEPAH İran ordusunun keçmiş təlim videolarını da paylaşıb. Ekspertlərin fikrincə, İranın Naxçıvanla sərhəddə hərbi qüvvələri cəmləşdirməsi ilk növbədə təbliğat məqsədlidir. Yəni həm ermənilərə motivasiya vermək, həm də baş verə biləcək savaşda öz ciddiyyətini göstərmək mahiyyəti daşıyır. Əlbəttə, Naxçıvan Türkiyənin qarantı altındadır və ümumiyyətlə, Azərbaycan ərazisi Şuşa Bəyannaməsi ilə artıq həm də Türkiyənin məsuliyyətidir. O baxımdan İranın Naxçıvana hər hansı hərbi müdaxiləsi müzakirə mövzusu ola bilməz, əks halda Tehran üçün çox ağır nəticələri olar. Lakin rəsmi olaraq İran hərbi qüvvələrinin Zəngəzura "dəvət olunması" mümkündür. Müdafiə siyasəti üzrə ekspert David Arutyunov da etiraf edib ki, İran ordusunun Azərbaycanla sərhəddə aktivliyi Bakıya təsir etmək məqsədi daşıyır. Arutyunovun sözlərinə görə, İran Azərbaycandan Ermənistana qarşı təzyiq hiss edən kimi hərbi təhdidə əl atır. Ekspert buna ən son misal kimi İranın hərbi təyyarələrinin Azərbaycan sərhədi yaxınlığında uçmasını göstərib: “Bütün qlobal və ya regional oyunçulardan Ermənistana ən fəal diplomatik, bəzi yerlərdə isə hərbi-siyasi dəstək verən İrandır. Aydındır ki, İranın Ermənistan tərəfdən müdaxiləsi Türkiyə və ABŞ-nin cavab reaksiyasına səbəb olacaq. ABŞ rəsmiləri Azərbaycanla İran təhdidi kontekstində həmrəy olduqlarını dəfələrlə deyiblər". O iddia edib ki, ABŞ-nin və Qərbin bu dəstəyi Azərbaycanın əl-qolunu açır". 
  Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, İranın Azərbaycana təhdidləri yeni deyil. Professorun sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra İrandakı rejimin dövlətimizə və xalqımıza yanaşması birmənalı olmayıb: "Tehranın illərdir yeritdiyi siyasətə nəzər saldıqda görürük ki, İran Azərbaycan Respublikasının varlığından, güclənməsindən narahatdır və bunu istəmədiyini açıq-aşkar bəyan edir. Təbii ki, son dönəmlər İranı narahat edən başqa məqamlar da var. Xüsusən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Türkiyə ilə müttəfiqliyin möhkəmlənməsi Tehranı daha çox təşvişə salıb. İran bunlara mənfi baxır və öz siyasətinin "əsas problemlərindən" biri kimi görür. İranın Azərbaycan və Türkiyəyə qarşı istifadə etdiyi ən önəmli faktorlardan biri Ermənistandır. Ona görə də birmənalı İrəvanı dəstəkləyir. Atdığı addımlarla, verdiyi bəyanatlarla Ermənistanın yanında olduğunu vurğulayır. 1979-cu il inqilabından sonra özünü dünyaya "islam müdafiəçisi", "dinin qoruyucusu" statusu ilə təqdim etsə də, şiə məzhəbi üzərindən həyata keçirilən siyasət, Azərbaycana və Türkiyəyə qarşı addımlar bunun tam əksini göstərir. Tehran rejiminin müsəlman Azərbaycanı deyil, xristian Ermənistanı müdafiə etməsi bunun bariz isbatıdır. Ermənistanın ərazi bütövlüyünü özünün "qırmızı xətti" sayan İranın Zəngəzur dəhlizinə qarşı çıxması və Qafanda konsulluq açması da bölgədə güc olmaq niyyətindən xəbər verir. Lakin İranın hədələri, xüsusən SEPAH-ın təhdid videoları gülünc obyektinə çevrilir, lağ-lağıya səbəb olur. Çünki yayılan videoların səviyyəsindən, hədsiz diletant olmasından aydın olur ki, İran "uşaqlıq" mərhələsindən çıxa bilməyib. Hələ də çox primitiv təbliğat metodlarından istifadə edirlər. Təhdid məqsədilə yayılan videogörüntülər bizi qorxutmur". 
T.İsmayıl vurğulayıb ki, sanksiyalar altında əzilən İranın mövcud hərbi durumla, Qərbin təzyiqləri fonunda Azərbaycanla müharibəyə başlaması İranın tarımar olmasına gətirib çıxarar: "Söhbət təkcə Azərbaycan və ona dəstək verən Türkiyədən getmir. Pusquda İranın dağılmasını istəyən, bunun üçün fürsət gözləyən yetərincə güclər, ölkələr var. Tehran rejiminin ilk xətasında İranın gözünü oyarlar. İndiki məqamda İranın ən doğru siyasəti region ölkələri ilə sıx əməkdaşlıq qurmaq və savaş ritorikasından uzaqlaşmaq olar. Rejim hansısa addım atmazdan öncə ölkə ərazisində yaşayan digər xalqların sayını da nəzərə almalıdır. Anlayırıq ki, İranın aqressiyası əslində özünün qorxmasının təzahürüdür. Lakin İranın anti-Azərbaycan siyasəti Tehranın fəlakəti deməkdir".