Rusiya Cənubi Qafqazdan çəkilmək istəmir


Keçirilən təlimlərdə də Moskvanın verdiyi əsas mesaj budur

“Rusiyanın Ermənistanda hərbi təlimlərə başlaması, Azərbaycana və bölgədə fəallaşan Qərbə yumruq silkələmək anlamına gəlir”


  Rusiya hərbi bazasının xüsusi təyinatlı hərbçiləri Ermənistanın dağlıq ərazilərində təlim həyata keçiriblər. Bu barədə Ermənistanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hərbçilər kəşfiyyat-axtarış fəaliyyəti, müxtəlif formalı dağlıq relyef şəraitində sığınacaqların təşkili, kamuflyaj növləri, həmçinin xəritədə naviqasiya üzrə və s. təlimlər keçiriblər. Xüsusi təyinatlılar həm də müxtəlif məsafələrdən və mövqelərdən müxtəlif təyinatlı hədəflərə müntəzəm silahlardan yüksək sürətlə atəş zərbələri endirib. 

Rus qoşunlarının Ermənistandakı təlimləri müxtəlif cür təhlil olunur. Əksəriyyət belə məqamda təlimlərin Qarabağ ətrafında son günlərdə yaşananlara, Azərbaycan Ordusunun təlimlərinə cavab olduğunu, Ermənistana dəstək mahiyyəti daşıdığını vurğulayır. Ancaq Ermənistan ərazisindəki təlimlərin elə İrəvan hökumətinə də, yəni Paşinyanın Kremli hiddətləndirən addımlarına cavab kimi də təqim olunur. 

Politoloq Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya ordusunun Ermənistanda hərbi təlimlərə başlaması Azərbaycana və bölgədə fəallaşan Qərbə yumruq silkələmək anlamına gəlir:

"İrəvan hələ də Rusiyanın təsir dairəsindədir. Moskva Cənubi Qafqazı öz təsiri altında saxlamaq istəyir. Keçirilən təlimlərdə də Kremlin verdiyi əsas mesaj budur. Moskva anlayır ki, bölgə onun nəzarətindən çıxa bilər. Odur ki, vəziyyəti savaş müstəvisinə sürükləyir. Lakin onu da qeyd edim ki, Rusiyanın Ermənistanda təlimə başlaması birmənalı olaraq rusların erməni xalqının yanında olduğunu göstərməsi anlamına da gəlir. 

Rusiya bu təlimlə Azərbaycanı həm atəşkəs, həm də müharibə təhlükəsi olarsa, hərb zamanı güc nümayişindən çəkinməyə çağırır.

 Bakının son günlər Laçın yolunda atdığı qətiyyətli addımlar Kremli narazı salıb. Belə təlimlərlə Moskva Bakıya cavab verir".