Ermənistan siyasi sabitlik xəttinə sadiq ölkə deyil


Paşinyan 9 May paradında Qərb ölkələrinin üz çevirdiyi  Putinlə bir sırada dayandı


  Qələbədə payı olmuş ölkələrdə hər il 9 may münasibətilə tədbirlər keçirilir, bu tarixdə müharibə iştirakçıları, onların keçdiyi zəfər yolu xatırlanır. Rusiyanın paytaxtı Moskvada isə 9 mayla bağlı hər il ənənəvi qələbə paradı təşkil olunur. Paradda bir sıra ölkələrdən gələn qonaqlar da iştirak edirlər.
  Bu il də Rusiyanın paytaxtı Moskvada Qızıl Meydanda İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 78-ci ildönümü münasibətilə hərbi parad keçirilib. Moskvada təşkil olunan paradda Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri və Ermənistanın Baş naziri iştirak edib. MDB ölkələrindən Moldova və Gürcüstanla yanaşı, Azərbaycan rəsmiləri də 9 May paradına qatılmayıb. 
Qərbyönümlü kimi tanınan Paşinyanın hərbi paradda iştirakı isə xüsusi diqqət çəkib. Qeyd edilənlərə görə, Paşinyanın paradda iştirakı qərbyönlü siyasət həyata keçirdiyi haqda söylənilənlərin mif olduğunu göstərir. 
  Bəs, Azərbaycanın Moskvadakı tədbirdə təmsil olunmamasının səbəbi nədir? Bakı Moskvanın dəvətindən niyə imtina edib? 
  ReAL Partiyasının icraçı-katibi Natiq Cəfərlinin sözlərinə görə, paradda iştirak edən dövlət başçıları  israrla Azərbaycanı Rusiyanın müttəfiqi kimi təqdim edərək, guya bundan siyasi xal qazanmağı düşünürlər: “Bu gün Moskvada Putinin paradında yer alan Paşinyandır, Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən, ərazisində rəsmi Rusiya hərbi bazası olan, Kremlin başında durduğu KTMT, Gömrük və Avrasiya ittifaqlarında yer alan, iqtisadiyyatının 72 faizi Rusiyadan asılı olan da Ermənistandır. Bu gün Putinin paradında biz yoxuq, Ukraynaya ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır, Kremlin başında durduğu heç bir qlobal layihədə yer almamışıq (MDB-dən başqa, o da formal qurumdur)”.
  Politoloq Cümşüd Nuriyevin sözlərinə görə,  Rusiya hər zaman Azərbaycan, Ukrayna və Gürcüstana qarşı ədalətsiz yanaşıb: "İkinci Dünya müharibəsində Azərbaycanın 3.1 milyon əhalisi var idi. Həmin vaxt ölkəmizdən müharibəyə 687 min insan aparılmışdı. Bu qədər insanın təxminən 300 mini müharibə zamanı həyatını itirib. İkinci Dünya müharibəsinin bütün ağırlığını Azərbaycan çəkib. Deməli, o zamanlar Azərbaycanda hər altı nəfərdən biri müharibədə iştirak edib. Yəni hər ailədən 1 nəfər, bəzi ailələrdən isə 3 nəfər İkinci Dünya müharibəsində iştirak edib. Həmin dövrdə Ermənistan və Gürcüstandan aparılan insanların sayı bizdən 2 dəfə az idi. 

Yəni demək olar ki, müharibədə ancaq müsəlman ölkələrin vətəndaşları iştirak edib. Müharibə müddətində istifadə olunan hərbi texnikaların 75 faizi Azərbaycan nefti ilə işləyirdi. Amma bununla belə Bakıya "Qəhrəman şəhər" statusu vermədilər. Halbuki müharibənin bütün ağırlığını məhz elə Azərbaycan çəkmişdi".
  Onun fikrincə, Azərbaycan rəhbərliyinin Moskva paradında iştirak etməməsi ölkəmizin haqqa tərəfdar olduğunu, Ukrayna məsələsində ədalətli mövqe tutduğunu göstərir.

  Siyasi şərhçi Azər Həsrət  isə “Şərq”ə açıqlamasında deyib ki, Nikol Paşinyan öz fəaliyyətində qərbə meyilli siyasətçi kimi  görünməyə çalışır. Amma Moskvadakı 9 May paradında Qərb ölkələrinin üz çevirdiyi Putinlə bir sırada dayandı: 

“Bununla da özünün qeyri-sabit xarakterini  bütün dünyaya təsdiq etdirmiş oldu. Dünya indi balanslaşdırılmış siyasət istəmir. Ya Putin, ya da qərb tərəfdarı olmalısan. Paşinyan və onun rəhbərlik etdirdiyi Ermənistan “nə yardan doyur, nə də əldən qoyur”. Bu isə Ermənistanın siyasi sabitlik xəttinə sadiq olmadığının göstəricisidir. Azərbaycan Prezidenti bütün dünyada özünün sabit və müstəqil mövqeyi ilə seçilir. Biz nə qərb, nə şərq, nə Rusiya, nə də İran tərəfdarı deyilik. Heç birinə hesabat vermirik. İlham Əliyev paradda iştirak etsəydi belə burada sual doğuracaq bir hal olmayacaqdı. Amma ölkəmizin daxili məsələləri cənab Prezident üçün prioritet məsələ olduğundan 9 May paradına getməyib. Bilirsiniz ki, elə həmin gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb və hazırda da davam edir. Azərbaycan Prezidenti İlham Əliyev də festivalda iştirak etdiyi üçün Rusiyanın dəvətini qəbul etməyib”.