İctimai rəy Rusiyanın əleyhinədir


Artıq Gürcüstanda vəziyyət 2008-ci ildəki kimi sadə deyil
 
“Gürcüstanı Rusiyanın orbitinə qaytarmaq üçün hakimiyyət repressiyalara əl atmalıdır. Bu isə mümkün görünmür”


  Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Digər fərmanla o, 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib. Gürcüstan rəhbəri Salome Zurabişvili bəyan edib ki, Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və respublikaya hava yolu ilə səyahətə qoyulan qadağanın götürülməsi barədə qərarı Ukraynadakı vəziyyətlə əlaqədar qəbuledilməzdir. O, bu qərarı Rusiyanın növbəti təxribatı adlandırıb. 

Onun sözlərinə görə, Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi respublikanın siyasi qüvvələri arasında gərginliyə səbəb olacaq. Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib ki, Tbilisi hökuməti Rusiyanın Gürcüstanla viza rejiminin ləğv etməsi qərarını alqışlayır: "Qərar vətəndaşlarımızın gündəlik həyatını asanlaşdıracaq”. Hakim "Gürcü arzusu" Partiyasının sədri İrakli Kobaxidze deyib ki, Gürcüstan hökuməti Rusiyadan ziyarətçi axınının artacağı təqdirdə ruslara qarşı ksenofobiyanın qızışdırılmasına imkan verməyəcək: “İndi turistik mövsum yaxınlaşır və onlar yenidən cəmiyyətə panika yaratmağa çalışırlar ki, guya, xeyli etnik ruslar gəlir və bu, ölkənin süqutuna səbəb ola bilər. Əlbəttə, biz ölkədə ksenofobiyanın qızışdırılmasına imkan verməyəcəyik. Gürcüstanda ksenofobiyaya yer yoxdur”. Məlum qərardan sonra Tbilisidə Rusiya ilə birbaşa aviaəlaqələrin bərpası əleyhinə aksiya keçirilib. Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşan etirazçılar müxtəlif plakatlar qaldırıblar. Onlardan birində “Rusiya işğalçıdır” yazısının olması diqqət çəkib. 

  ABŞ Rusiya ilə uçuşları bərpa edəcəyi təqdirdə Gürcüstana sanksiyalar barədə xəbərdarlıq edib. Dövlət Departamentindən bildirilib ki, əgər Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu, Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı narahatlığımızı artıracaq”. Məlumatda Rusiyanın Gürcüstanın 20 faiz ərazisini işğal etdiyi də xatırladılıb: 

“Putinin öz qoşunlarını Gürcüstanın işğal olunmuş ərazisindən çıxarması gürcü xalqı üçün birbaşa uçuşların bərpasından və ya viza rejiminin ləğvindən daha yaxşı olardı. Bütün sivil dünya Putin rejimindən yaxa qurtarmağa çalışır”. 
  Məlumat üçün bildirək ki, Gürcüstanla viza rejimi Rusiya hakimiyyətinin qərarı ilə 2000-ci ildə tətbiq edilib. Eyni zamanda Gürcüstan 2012-ci ildən rusiyalılar üçün vizaları ləğv edib. Gürcüstan qanunvericiliyinə görə, Rusiya vətəndaşları ölkəyə vizasız səfər edə və respublikada bir ilədək qala bilərlər. İki ölkə arasında diplomatik əlaqələr 2008-ci ildə kəsilib. 
  Politoloq Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Gürcüstanın mövcud iqtidarı Rusiyanın təsir dairəsindədir. Ekspertin sözlərinə görə, Kreml öz nəzarətində olan oliqarxları hakimiyyətə gətirməklə Tbilisini yenidən nəzarətə götürmək istədi: "Lakin artıq Gürcüstanda vəziyyət 2008-ci ildəki kimi sadə deyil. İctimai rəy Rusiyanın əleyhinədir. Gürcüstanı Rusiyanın orbitinə qaytarmaq üçün hakimiyyət repressiyalara əl atmalıdır. Bu isə mümkün deyil. Gürcü xalqını Rusiyanın bölgədəki hərbi mövcudluğunun artması qane etmir. 

Bu baxımdan, Rusiyanın təsirinin artması ilə yanaşı, Qərbin də Gürcüstana marağı artacaq. Gürcüstan bu gün Cənubi Qafqazda Qərbin yeganə dayağı və sadiq müttəfiqi olaraq qalır. 

Qərb Tbilisi ilə yeni müqavilələr imzalamağa çalışır. Qərb əmin olmaq istəyir ki, yaxın gələcəkdə mövcud enerji layihələri üçün heç bir təhlükə gözlənilmir. Qərb ondan narahatdır ki, gələcəkdə Azərbaycan özünün yeni layihələrini Gürcüstan vasitəsilə deyil, Rusiya üzərindən həyata keçirə bilər və bu səbəbdən Gürcüstan öz imkanlarını şaxələndirmək barədə düşünür və Moskvanı narazı salmaq istəmir. Rəy sorğuları əhalinin əksəriyyətinin Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasını dəstəklədiyini göstərir. Odur ki, hətta Rusiyanın bölgədəki nüfuzunun artması fonunda belə, Gürcüstan hakimiyyəti ölkənin xarici siyasət vektorunun istiqamətini köklü sürətdə dəyişməyəcək. Eyni zamanda Rusiyapərəst ritorika və Qərbin qurumlarında Gürcüstanın gələcəyinə şübhə ilə yanaşma güclənə bilər. Gürcüstanın Qərb ölkələri ilə yenidən danışmaq və Rusiyanın Cənubi Qafqazda özünü necə apardığı fonunda Gürcüstana ən azı üzvlüyə nail olmaq istiqamətində "yol xəritəsinin" verilməsini NATO-dan istəmək üçün yaxşı bir şansı var. Rusiya yalnız sözdə göstərmək istəyir ki, qazanan tərəf odur, reallıq isə fərqlidir".
  A.Rəşidoğlunun fikrincə, Rusiyanın regionda onsuz da üç hərbi bazası var: "O cümlədən, Gürcüstan hökumətinin razılığı olmadan Abxaziyada və Cənubi Osetiyada. 

Digər bir Rusiya bazası da Ermənistan ərazisində, Gümrüdədir. Bütün hallarda Rusiya hərbçilərinin yerləşdirilməsi faktiki olaraq güc hesabına baş verib, onlar sülhü deyil, Rusiyanın geosiyasi maraqlarını təmin edir. Rusiya 2008-ci ildə mədəniyyət baxımından müttəfiqi olan pravoslav Gürcüstan ilə münasibətlərini korlayıb. Sivilizasiya müstəvisi baxımından Rusiya buranı tərk edir. Türkiyə daxil olur.  Odur ki, viza diplomatiyası ruslara böyük perspektiv vəd etmir".