Kılıçdaroğlu hakimiyyətə gəlsə...



... Rusiyaya qarşı sanksiyalara qoşulacaq

CHP sədri Türkiyənin atom silahına sahib daha güclü ölkə olmaq imkanının da qarşısını alacaq


  Türkiyədə seçki öncəsi "Millət İttifaqı"nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlunun vədlərindən biri də Rusiya ilə bağlıdır. Kılıçdaroğlu seçkidən öncə Moskvaya mesaj da verib. Bildirib ki, seçiləcəyi təqdirdə Türkiyənin Rusiyaya qoyduğu investisiyaları qorumaqla bərabər, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiqi ilə bağlı verdiyi qərarlara əməl edəcək: "Türkiyə NATO üzvüdür və Putin də bunu çox yaxşı bilir. Türkiyə Alyansın qəbul etdiyi qərarlara əməl etməlidir". Qeyd edək ki, Ərdoğanın rəhbərliyində Türkiyə Rusiyaya qarşı BMT xaricində heç bir sanksiyaya qoşulmayıb və fərqli bölgələrlə bağlı bir sıra məsələlərdə Moskva ilə əməkdaşlıq edib. Daha doğrusu, Ərdoğan Qərbin öz maraqları naminə Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib. Amma görünən odur ki, Kılıçdaroğlu Qərb nə desə, onu edəcək. 
  AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli "Şərq"ə bildirib ki, Kılıçdaroğlu hakimiyyətə gəlsə, nəinki Rusiyaya qarşı sanksiyalara qoşulacaq, Akkuyu Atom Elektrik Stansiyasından da imtina edəcək. Yəni Türkiyənin atom silahına sahib daha güclü ölkə olmaq imkanının qarşısını alacaq: "Nəticədə Türkiyənin dünyanın bir sıra yerlərində olan hərbi bazaları ortadan qalxacaq, ölkənin siyasi-iqtisadi mövcudluğuna soy qoyacaq. Şübhə yox ki, Türkiyə Liviyadan, Qətərdən, Yaxın Şərqdən, Cənubi Qafqazdan çəkiləcək. Kılıçdaroğlu Amerika nə deyəcəksə, onu edəcək və Türkiyəni ötən əsrdə hökm sürmüş səfalət və zəiflik dövrünə qaytaracaq. Məhz o səbəbdən ABŞ CHP sədri Kamal Kılıçdaroğlunun Türkiyədə hakimiyyətə gəlməsini istəyir. Kılıçdaroğlunun Rusiyaya seçki öncəsi verdiyi mesajlarda təəccüblü heç nə yoxdur. Türkiyə NATO üzvü olsa da, Rusiyaya qarşı sanksiyalara qoşulmaq məcburiyyəti yoxdur. Hər şey, o cümlədən müttəfiqlik də qarşılıqlı olmalıdır. Türkiyə Rusiyaya məxsus təyyarəni vuranda Ankara NATO-dan dəstək istəmişdi. NATO generalları dolayı yolla dedilər ki, "problemi özünüz yaratmısınız, özünüz də çözün". Vaxtı ilə Rusiya və Türkiyəni üz-üzə qoyan NATO indi Ankaradan heç nə tələb edə bilməz". 
  Ə.Məmmədli vurğulayıb ki, Türkiyə müstəqil ölkədir, öz milli maraqları var: "Hərbi alyansın üzvü olmaq müstəqillikdən imtina etmək anlamına gəlmir ki?! Azərbaycan da MDB üzvüdür, indi biz də Rusiyanın dediyi ilə oturub-durmalıyıq? Amerika Türkiyənin dünya liderliyini əlindən almaq üçün ölkədəki anti-milli qüvvələrdən, HDP kimi xainlərdən istifadə edir. Türkiyədəki indiki siyasət yüz il öncə Osmanlı sultanı, xəlifə Əbdülhəmidin başına gətirilmişdi. Eyni senarini hazırda prezident R.T.Ərdoğan üzərində tətbiq edirlər. O vaxt "gənc türklər" adlı hərəkatından istifadə edirdilər, indi də "altılı masa"dan faydalanırlar. Əbdülhəmidin gedişi Osmanlını dağıtdı, Ərdoğanı göndərməklə Türkiyəni dağıtmaq niyyəti güdürlər. İnşallah, Türkiyənin milli, vətənpərvər qüvvələri buna imkan verməz".