Paşinyanın Brüssel görüşü öncəsi qorxuları artıb

Baş nazir yaxın vaxtlarda sülh sazişini imzalamağa cəsarət etməyəcək

“Hökumət başçısının narahatlığı xüsusilə erməni diasporunun mümkün təzyiq və təxribatları ilə bağlıdır”


Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Belçikanın paytaxtı Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş ərəfəsində qorxuları artıb. Bu barədə Ermənistanın “İravunk” qəzeti yazıb. Nəşrin məlumatına görə, hökumət başçısının narahatlığı xüsusilə erməni diasporunun mümkün təzyiq və təxribatları ilə bağlıdır: “Diaspor nümayəndələri ilə son təmaslar onu göstərir ki, bundan sonra kimsə susmayacaq. Nikol Paşinyanın Brüsselə səfəri diasporun diqqətindən kənarda qalmayacaq və “sürprizlər” az olmayacaq”.

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.


Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanın və erməni toplumunun idarə olunmasında əsas mexanizmlər erməni kilsəsinin əlindədir. 

Analitikin sözlərinə görə, erməni kilsəsi Ermənistanın işğalçı xəyallarını ideologiyaya çevirmiş yönləndirici mərkəz kimi fəaliyyət göstərir: 

"Son vaxtlar Paşinyan hakimiyyətinin məhz erməni kilsəsi ilə qarşıdurma vəziyyətində olması da qətiyyən təsadüfi deyil. Erməni kilsəsi erməni diasporunun idarə olunmasında və yönləndirilməsində xüsusi rol oynayır. Erməni kilsəsi bütün dünyada ermənilərin ideoloji terror mərkəzi kimi fəaliyyət göstərir. Bu terror mərkəzi hər an Baş nazir Nikol Paşinyana qarşı sui-qəsd qərarı verə bilər. Həmin sui-qəsdin isə erməni diasporunun təmsilçiləri tərəfindən icra edilə biləcəyi qətiyyən istisna deyil. Və erməni baş nazir də bu təhlükəni anlamamış deyil. Təbii ki, Baş nazir Nikol Paşinyan və onun yaxın ətrafı bütün bu səbəblərə görə erməni diasporunun ata biləcəyi addımlardan və törədə biləcəyi təxribatlardan qorxur. Əks halda, Baş nazir Nikol Paşinyan sülh sazişini bəlkə də çoxdan imzalayardı. Ancaq erməni baş nazir yalnız geopolitik hesablamalarla deyil, buna paralel olaraq, həm də öz şəxsi həyatına olan təhlükəni nəzərə alaraq, sülh prosesini mümkün qədər uzatmağa çalışır. Hazırda erməni diasporu erməni kilsəsi ilə yanaşı, Rusiya və Fransanın da sifarişlərini yerinə yetirir. Bu iki dövlət də Cənubi Qafqazda sülh prosesinin pozulmasında maraqlıdır. Və bu məsələdə erməni diasporunun təsirindən maksimum səviyyədə istifadə etməyə çalışır".

E.Xalidbəyli vurğulayıb ki, halbuki Paşinyan hakimiyyəti də, Ermənistanın maraqlarını doğru dəyərləndirən erməni siyasi xadimlər sülh sazişinin dərhal imzalanmasının vacib olduğunu anlayırlar:

"Keçmiş prezident Levon Ter-Petrosyanın müşaviri olmuş, vaxtilə sülh danışıqlarında iştirak etmiş Jerayir Lepardiyan da Paşinyan hakimiyyətinə sülh sazişini dərhal imzalamağı məsləhət görüb. Onun fikrincə, Ermənistan üçün sonra çox gec ola bilər. Bütün bunları nəzərə aldıqda, yaxın vaxtlarda Paşinyan hakimiyyətinin sülh sazişini imzalamağa cəsarət edə biləcəyi o qədər də inandırıcı görünmür. Bu baxımdan, Brüssel görüşünün də mövcud situasiyanı dəyişə biləcəyini ehtimal etmək çətindir".