Türkiyəli general Çavuşoğlunun yerinə gələn kadrdan danışdı: “Hakan Fidan qurulan oyunların fərqindədir”

Türkiyədə 67-ci hökumətinin tərkibi bir neçə gün əvvəl elan olundu. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və səhiyyə naziri Fəxrəddin Koca istisna olmaqla hökumətdəki digər bütün vəzifəli şəxslər yeniləri ilə əvəz edildi. Bunun əsas səbəbi keçmiş nazirlərin bir çoxunun 28- ci parlamentdə təmsil olunmasıdır. Belə ki, mövcud qanunvericiliyə görə, bir siyasi fiqur eyni vaxtda həm nazir, həm də deputat ola bilməz. 

 Yeni dönəmdə hökumətin tərkibindən istefaya göndərilən şəxslər sırasında Azərbaycanda da çox sevilən keçmiş xarici işlər Mövlud Çavuşoğlu ilə sabiq milli müdafiə naziri Hulusi Akar da var. Onlardan ikisi də fəaliyyət göstərdikləri illər ərzində rəsmi Ankaranın xarici siyasət kursuna uyğun olaraq Cənubi Qafqazdakı vəziyyətə xüsusi həssaslıqla yanaşmış, daim Azərbaycanın yanında olmuşlar.
M. Çavuşoğlu və H. Akarı müvafiq olaraq xarici kəşfiyyat idarəsinin keçmiş rəhbəri Hakan Fidan və sabiq baş qərargah rəisi Yaşar Gülər əvəz edib. Azərbaycan xalqının yaxın dostlar olaraq M. Çavuşoğu ilə H. Akarın nazir postundan getmələri cəmiyyətimizin müəyyən seqmentini narahat edib. 

Türkiyənin Azərbaycandakı keçmiş hərbi atteşəsi, hərbi ekspert Yücel Karauz isə “Sherg.az”a açıqlamasında deyib ki, yeni nazirlərə ümid çoxdur: 


“Y. Gülər çox təcrübəli hərbçidir. O, sürətli və dəqiq qərar qəbul etmə xüsusiyyəti ilə seçilir. Cənubi Qafqaza, o cümlədən Azərbaycan- Ermənistan münasibətlərinə yaxşı bələddir. Y. Gülər dəfələrlə Azərbaycanda olub, Azərbaycanı çox sevir. Düşünürəm ki, o, əlaqələrimizin inkişafına öz töhfəsini verəcək”. 

 Ekseprt H. Fidanın da keçmiş hərbçi olduğunu xatırladıb: 

“Hazırkı xarici işlər naziri ehtiyatda olan zabitdir. Xarici siyasəti çox yaxşı bilir. H. Fidan xarici kəşfiyyat idarəsinin rəhbəri kimi fəaliyyət göstərdiyi illərdə daim Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ilə koordinasiyalı addımlar atıb. H. Fidan qurulan oyunların fərqindədir. O, oyun qaydalarını dəyişə biləcək fiqurdur. Əlbətə, Çavuşoğlu olduqca peşəkar diplomat idi. Sözünü deyə bilirdi. Fikrimcə, H. Fidan da onun yolunu gedəcək, xarici siyasət kursumuzda boşluq olmayacaq”. 

Y. Karauz hər iki nazirin üzərinə ciddi vəzifələrin düşdüyünü bildirib: 

“Türkiyə artıq nəinki regional, həm də qlobal gücdür. Bunu Ərdoğanın andiçmə mərasimi də göstərdi. Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri onu deməyə əsas verir ki, o, sülh istəyir. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi və Şuşa Bəyannaməsindən sonra daha heç nə əvvəlki kimi ola bilməz. Dünya Türk Dövlətləri Təşkilatının rolunu anlayır. H. Fidan və Y. Gülər bu reallıqlara uyğun davranmalıdırlar”. 

Kənan Novruzov