Ankara-Paris xəttində nə gözlənir?

Türkiyənin yeni hökuməti dünyanın diqqətindədir

Fransa mediası Ankara-Paris xəttindəki fövqəladə aktivliyi xüsusi xəbərlə oxucularına çatdırıb


  İki nazirdən başqa bütün kabinetin dəyişdirildiyi Türkiyənin yeni hökumət üzvləri beynəlxalq medianın manşetlərinə daşınıb.

 "Şərq" qəzeti Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstanda çıxan “To Vima” qəzeti “Ərdoğanın kabinetinin əsas şəxsiyyətlərinin sirləri və rolları” başlıqlı xəbərində Türkiyədə seçkilərdən sonra təyin olunan yeni nazirlərə diqqət çəkib. Prezident Ərdoğan tərəfindən maliyyə naziri təyin edilən Mehmet Şimşəyə və milli müdafiə naziri Yaşar Gülərə xüsusi diqqət yönəldən qəzet Xarici İşlər Nazirliyinin kreslosunda əyləşən MİT-çi Hakan Fidanı oxucularına uzun-uzadı təqdim edib.

  "Əl-Cəzirə" nəşri öz səhifəsində "Akademik və diplomatik karyeradan Türkiyənin kölgə adamına qədər - Ərdoğan İbrahim Kalını niyə kəşfiyyat şefi təyin etdi?" başlıqlı məqalə verib. Nəşrin məlumatına görə, Ərdoğan Hakan Fidanın yerinə İbrahim Kalını təyin etməklə hamını təəccübləndirib. "Əl-Cəzirə" qeyri-ənənəvi akademik keçmişə sahib olan Kalının ondan sonra diplomatiyada yüksəldiyini qeyd edib.

  "BBC" Agentliyi "İbrahim Kalın: İllərdir yanında olan Ərdoğanın xarici siyasət müşaviri MİT-in yeni rəhbəri oldu" və yeni məxfi xidmət rəisinin Malayziyada başlayan akademik karyerasının təfərrüatlarını yazıb. Nəşr “İllərdir prezidentlik edən Kalının nə prezidentlik saytında, nə də başqa bir rəsmi saytda tərcümeyi-halı yoxdur” ifadəsini işlədərək İbrahim Kalının akademik məzuniyyətlə gəldiyi 2004-cü ildə Türkiyədə siyasətə girdiyini bildirib. O vaxt Ərdoğanın tələbi ilə beyin mərkəzi yaratmaq üçün qollarını çırmalayan Kalının “Əslində niyyətim o işi edib universitetə qayıtmaq idi. Amma belə oldu. Mən 2009-cu ildə Baş nazirin baş müşaviri vəzifəsində işləməyə başladım” ifadəsi oxuculara yenidən xatırladılıb. İbrahim Kalının ABŞ-lə münasibətlərin aparılmasında alternativ kanal olaraq ön plana çıxdığını qeyd edən BBC xəbərini bu cümlələrlə yekunlaşdırıb: "Onun bu təyinatla başladığı yeni karyerasında necə bir yol keçəcəyi, performansının necə olacağı maraqla izləniləcək".

  Fransanın “Le Monde” qəzeti “Ərdoğan Türkiyədə daha ortodoks pul siyasətini nəzərdən keçirir” başlığı ilə məqalə dərc edərək yeni kabineti iqtisadi baxımdan liberal və sosial baxımdan mühafizəkar adlandırıb. Fransanın “L'Opinion” qəzeti isə Ankara-Paris xəttindəki fövqəladə aktivliyi xüsusi xəbərlə oxucularına çatdırıb: "Fransa lideri Makron mayın 28-də seçkilərin ikinci turunun keçirildiyi axşam "Türkiyə" tvitter mesajı ilə Prezident Ərdoğanı təbrik edib. Bildirib ki, Fransa və Türkiyənin birlikdə öhdəsindən gəlməli böyük çətinlikləri var. Avropaya sülhün qaytarılması, Avrasiya İttifaqımızın gələcəyi, Aralıq dənizi: "Yenidən seçilməsi münasibətilə təbrik etdiyim Prezident Ərdoğanla biz irəliləməyə davam edəcəyik".