İstənilən yolu açıb-bağlamaq rəsmi Bakının daxili işidir

Departament sözçüsünün açıqlaması rəsmi Vaşinqtonun birmənalı mövqeyi sayıla bilməz
  
ABŞ Azərbaycanın Laçın yolunun həm kommersiya, həm humanitar, həm də şəxsi avtomobillər üçün “blokada” vəziyyətində saxlamasından narahatdır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

 O bildirib ki, guya, humanitar hərəkatların “dayandırılması” vəziyyəti “pisləşdirir” və sülh prosesində etimadın yaradılması səylərini “sarsıdır”: “Vaşinqton regionda sülhün Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsini ehtiva etməsi fikrini dəstəkləyir. Biz bu məqsədə çatan dialoqu alqışlayırıq”.

Rəsmi Bakı bir neçə dəfə Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni əhaliyə yardım imkanını təklif etsə də, erməni icmasını girov saxlayan separatçı-terrorçular bundan imtina edir. Ancaq görünən odur ki, ABŞ və Qərb ölkələri də rəsmi Bakının açıqlamalarına yox, erməni yalan maşınının dezinformasiyasına inanır.
 
 Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli isə "Sherg.az"a açıqlamasında bildirib ki, departament sözçüsünün açıqlaması rəsmi Vaşinqtonun birmənalı mövqeyi sayıla bilməz. Analitikin sözlərinə görə, ABŞ və Avropa Birliyinin mövqeyi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır: "Daha yüksək ranqlı ABŞ rəsmilərinin açıqlamalarında, o cümlədən dövlət rəhbərliyi səviyyəsində bunu görmüşük. Vaşinqton bölgədə sülhün, stabilliyin olmasında maraqlıdır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Vaxtı ilə Qarabağda etnik separatizm baş qaldırmışdı və Rusiyanın dəstəyi ilə erməni silahlıları Azərbaycan ərazilərini işğal etmişdilər. Həmçinin insanlarımıza qarşı soyqırımlar, qətliamlar törətdilər. Yəni bölgədə münaqişə, gərginlik və böhran yaradan ünsürlər ermənilər və onları himayə edən ruslar olub. Ona görə də Qərb heç vaxt bu məsələlərdə Ermənistanın mövqeyini dəstəkləyə bilməz. Dünyanın heç bir ölkəsi digər dövlətin ərazi bütövlüyünün pozulmasına razı ola bilməz. Bu, beynəlxalq hüquq normalarının pozulmasıdır. Qarabağ Azərbaycan ərazisi olduğuna görə orada istənilən yolu açıb-bağlamaq rəsmi Bakının daxili işidir. Şübhəsiz, hansısa kənar dövlətin buna qarışması, irad bildirməsi qəbuledilməzdir. Laçın yolu ilə dəfələrlə qanunsuz silah-sursat daşınması həyata keçirilib. Bununla da Qarabağdakı separatçıları, erməni birləşmələrini silahlandırmağa cəhd göstəriblər. Təbii ki, Azərbaycan dövləti etnik separatizmə qətiyyən yol verə bilməz. Ərazi bütövlüyümüzü təmin etmək məqsədilə bütün zəruri addımları atacağıq".